Cənubi Koreya parlamenti Prezidentin impiçmentini təsdiqləyib

Yun Sok Yol, Foto: Reuters

204 deputat impiçmentin lehinə, 85-i əleyhinə səs verib

Cənubi Koreya parlamentinin dekabrın 14-də Prezident Yun Sok Yola qarşı impiçment qərarını təsdiqlədiyi bildirilir.

Bu qərar keçən həftə hərbi vəziyyət elan etmək cəhdinin uğursuzluğundan sonra qəbul edilib və ölkəni dərin siyasi böhrana sürükləyib.

204 deputat impiçmentin lehinə, 85-i əleyhinə səs verib, daha 3 deputat bitərəf qalıb, 8 bülleten etibarsız sayılıb.

İmpiçment elan etmək üçün 200 səs lazımdır.

Konstitusiyaya əsasən, dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazir Han Dok Su icra edəcək.

“İmpiçment halında Yun Sok Yol səlahiyyətlərini itirəcək, lakin Konstitusiya Məhkəməsinin qərarına qədər vəzifəsində qalacaq”,- “Reuters” yazır.

Məhkəmə Prezidenti vəzifəsindən kənarlaşdırarsa, seçkilər 60 gün ərzində keçirilməlidir.

Dekabrın 3-ü axşam saatlarında Prezident Yun Sok Yol ölkədə fövqəladə vəziyyət elan edib.

Bunu “iyrənc Şimali Koreya tərəfdarı olan anti-dövlət qüvvələrinin kökünün kəsilməsinin” zəruriliyi ilə izah edib.

Müxalifət partiyalarını “qeyri-adi hərəkətləri dərhal dayandırmağa” çağırıb.

Parlament təcili iclasında fövqəladə vəziyyətin ləğvinə səs verib.

Qərar hökumət tərəfindən təsdiqlənib və təxminən altı saat sonra fövqəladə vəziyyət ləğv edilib.

Prezidentin impiçmenti üçün ilk cəhd dekabrın 7-də olub, lakin sonra parlament səsvermə keçirə bilməyib.

İmpiçment elan etmək üçün 300 deputatdan 200-nün dəstəyi lazımdır, lakin hakim partiyanın 108 deputatından 105-i iclas zalını tərk edərək səs verməyib.

Müxalifət nümayəndələri Prezidentin məsuliyyətə cəlb edilməsi cəhdlərindən əl çəkməyəcəklərini açıqlayıblar.

Yun Sok Yol özü istefa verməyəcəyini və sona qədər mübarizə aparacağını söyləyib.

Prezident Yun Sok Yol ölkədə qiyam yaratmaqda, həmçinin dövlətə xəyanətdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Polis onun dindirilməsini istisna etmir.

Dekabrın 9-da onun ölkədən çıxışına qadağa qoyulub.

Ana səhifəDünyaCənubi Koreya parlamenti Prezidentin impiçmentini təsdiqləyib