Rəsmi Kreml baş verənlərə görə Ukrayna xalqını günahlandırıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, 2014-cü ildəki çevriliş olmasaydı, Krım Ukraynanın bir hissəsi olardı.
Bu barədə rusiyalı diplomat amerikalı jurnalist Taker Karlsona müsahibəsində danışıb.
“2014-cü ilin fevralında dövlət çevrilişi olmasaydı və bir gün əvvəl ovaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Krım Ukraynanın bir hissəsi olacaqdı. Onlar bu razılaşmanı yerinə yetirmədilər, əksinə çevriliş etdilər”, – Lavrov belə deyib.
Nazir əlavə edib ki, Rusiya Donbassda çevrilişdən sonra başlayan münaqişəyə son qoymaqda maraqlıdır, lakin bunun üçün Minsk razılaşmalarının tam yerinə yetirilməsi zəruridir.
Ukraynanın rəsmi orqanları Sergey Lavrovun söylədiklərinə hələki reaksiya verməyiblər.
2013-cü ildə Ukraynanın dövlət başçısı Viktor Yanukoviç Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanmasına hazırlığı dayandırıb.
Bundan sonra Ukraynada hökumətə qarşı etiraz aksiyaları başlayıb.
Noyabrın 29-dan 30-na keçən gecə müxalifətin çadır şəhərciyinin dağıdılmasından sonra etiraz aksiyası kəskin şəkildə antiprezident və antihökumət xarakteri alıb.
Yanvarın 19-20-də baş verən toqquşmalarda yüzlərlə insan yaralanıb və həyatını itirib.
Yanvarın 28-də Baş nazir Nikolay Azarov istefa versə də, etirazlar davam edib.
Fevralın 22-də V.Yanukoviç ölkədən qaçıb, ardınca Ukrayna parlamenti onu vəzifəsindən uzaqlaşdırmaq haqda qərar qəbul edib.