Məlumatı yaraqlıların komandiri Həsən Əbdül Qani yayıb
Suriyanın şimalında ölkə Prezidenti Bəşər Əsədin qoşunlarına qarşı hücuma rəhbərlik edən islamçı qruplaşmalar dekabrın 5-də Həma şəhərinə (əhalinin sayına görə Suriyanın beşinci şəhəri) daxil olublar.
“Reuters” bu barədə suriyalı yaraqlıların komandiri Həsən Əbdül Qaninin bəyanatına istinadən yazıb.
Onun sözlərinə görə, döyüşçülər hazırda bir neçə marşrut üzrə şəhər mərkəzinə doğru irəliləyirlər.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) bu məlumatı təsdiqləyib.
Bildirilir ki, “Həyat Təhrir əl-Şam” qruplaşması Həma şəhərinin kənarında bir neçə saat davam edən döyüşlərdən sonra şəhərin şimal-şərq hissəsinə keçə bilib.
SOHR-un məlumatına görə, hazırda Həmada şiddətli döyüşlər hökumət qüvvələrinin şəhərin şərq hissəsinə və Əl-Muzeyreb körpüsünə aviazərbələri ilə müşayiət olunur.
Suriya ordusu əvvəlcə Həmada yaraqlıların irəliləməsi ilə bağlı xəbərləri təkzib etsə də, daha sonra müdafiə qüvvələrinin yarılmasından sonra şəhər mərkəzindən geri çəkildiyini elan edib.
“AP” Suriya hərbçilərinin bəyanatına istinadən bildirir ki, hökumət qüvvələri Həmadan köçürülüb və mülki əhalinin həyatını təhlükəyə atmamaq üçün şəhər xaricində mövqelər tutub.
Suriya Prezidenti Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən islamçı yaraqlılar 2024-cü il noyabrın 27-də ölkənin şimalında hücuma başlayıb. Üç gündən sonra Hələbin mərkəzinə çatıblar.
Suriya İnsan Haqları Müşahidə Qrupu silahlıların şəhərin ən azı yarısını ələ keçirdiyini və Suriya hökumət qoşunlarının Hələbi cüzi müqavimətlə tərk etdiyini bildirib.
Suriya ordusu islamçıların “şəhərin bir çox ərazisinə” daxil olduğunu etiraf edib.