Zelenski fərman imzaladığını deyib
Ukrayna “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə və hakimiyyətdə olan partiyanın 19 nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.
“Bunlar Gürcüstan hökumətinin Gürcüstanı Putinə satan və təhvil verən hissəsinə qarşı sanksiyalardır”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski deyib ki, sənəd artıq imzalanıb.
“Mən bu yaxınlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalarla bağlı qərarını qüvvəyə mindirən fərman imzaladım. Beynəlxalq məsələlərdə belə olur: vaxtında reaksiya verməsəniz və ya prinsipsiz davransanız, onilliklər itirirsiniz, ölkələr isə azadlıqdan məhrum olur. Biz bu regionda heç kimi itirə bilmərik: nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı.
Biz birlikdə Moskvadan özümüzü müdafiə etməliyik. Biz Avropanı, Amerikanı və bütün dünyanı eyni şeyi etməyə – bərabər və prinsipial hərəkət etməyə çağırırıq”, – deyə Zelenski bildirib.
Sanksiyalar siyahısına aşağıdakılar daxildir:
- Bidzina İvanişvili
- İrakli Kobaxidze
- Qriqol Liluaşvili
- Kaxa Kaladze
- Mixail Çinçaladze
- Mamuka Mdinaradze
- Vaxtanq Qomelauri
- Otar Partsxaladze
- İrakli Ruxadze
- Levan Murusidze
- Viktor Caparidze
- Dmitri Samxaradze
- Georgi (Qoqa) Xaindrava
- Giorgi Kobaxidze
- Zviad Şalamberidze
- Şalva Tadumadze
- Thea Tsulukiani
- İrakli Karseladze
- Kakha Bekauri
Bundan əvvəl Ukrayna Prezidenti Gürcüstan hakimiyyətinin “Gürcü Arzusu”nun Avropa İttifaqı ilə 2028-ci ilə qədər üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarı ilə razılaşmayan və yenidən seçkilərin keçirilməsini tələb edən nümayişçilərə qarşı atdığı addımları pisləyib.