Gürcüstanda məktəblilər polis zorakılığına və avrointeqrasiyanın dayandırılmasına etiraz olaraq tətilə başlayıb

Foto: sosial şəbəkələrdən/Nini Barbakace

“Biz ədalətsiz Rusiya rejimini qınayırıq və onunla əlaqəmizi kəsirik”

Gürcütanda məktəblilər dekabrın 2-dən etibarən tətil elan edirlər və Tbilisidə avropayönlü mitinqlərin dağıdılması zamanı polis zorakılığına qarşı aksiyalara başlayırlar.

Gürcüstanda genişmiqyaslı etiraz dalğası Baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların rəsmi dayandırıldığını elan etməsindən sonra başlayıb. Artıq dörd gecədir ki, Tbilisidə minlərlə insan mitinq keçirir və aksiya iştirakçıları döyülür, onlara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilir. Bununla belə, etirazlar dayanmır.

Açıq mənbələrdən verilən məlumata görə, hazırda Tbilisidə və Gürcüstanın digər şəhər və rayonlarında 15 məktəbdə şagirdlərin bir hissəsi tətilə başlayıb.

Bunlar əsasən boş siniflərdə öz mesajlarını məktəb lövhələrinə yazan yuxarı sinif şagirdləridir.

Foto: sosial şəbəkələrdən

“Biz ədalətsiz Rusiya rejimini qınayırıq və onunla əlaqəmizi kəsirik, hökumətin vətəndaşlara qarşı zorakılığına etiraz edirik və Gürcüstanın Avropaya inteqrasiyası prosesinin davamını tələb edirik! Gürcüstan Avropadır!!! Hərəkət və yalnız hərəkət ölkəmə güc və həyat verir”, – Batumidəki məktəblərin birində 12-ci sinif şagirdləri yazıb.

Tbilisi məktəblərindən birinin şagirdləri məktəb yaxınlığındakı yolu kəsərək, hazırda ölkə müdafiəsinin dərslərdən mühüm olduğunu bəyan edib.

“İnsan Hüquqları üzrə Tərəfdaşlıq” (PHR) təşkilatı bildirir ki, Gürcüstanın Uşaq Hüquqları Məcəlləsinin 17-ci maddəsinə görə, uşaqlar böyüklər kimi birləşmək və dinc yığışmaq azadlığına malikdirlər. Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiyanın 15-ci maddəsi isə dövləti uşaqların dinc yığışmaq azadlığını tanımağa və qorumağa, onlara öz hüquqlarını sərbəst şəkildə həyata keçirməyə kömək etməyə borcludur.

PHR hər kəsi “uşaq hüquqlarına dair milli qanunlar və beynəlxalq müqavilələr ilə verilmiş hüquqların həyata keçirilməsinə qanunsuz müdaxilədən çəkinməyə” çağırır.

Təşkilat həmçinin uşaqların hüquqlarının pozulduğu təqdirdə onlara hüquqi yardım göstərməyə hazır olduğunu bildirir və lazım gəldikdə zəng vurula bilən telefon nömrələrini dərc edir.

Məktəblərdən başqa, bir neçə universitetdə də dərs prosesi dayandırılıb.

Eyni zamanda, müxtəlif dövlət qulluqçuları, məmurlar və şirkətlər hakimiyyətin siyasəti və mövqeyinə qarşı narazılığını bildirməyə davam edir.

Ana səhifəXəbərlərGürcüstanda məktəblilər polis zorakılığına və avrointeqrasiyanın dayandırılmasına etiraz olaraq tətilə başlayıb