Yevlax sakini: “Səhv əməliyyat qardaşımın həyatına son qoydu”

Source: president.az

Anaxanım Musayeva deyir ki, həkimlər səhv diaqnoz qoyub mədə əməliyyatı keçiriblər

Yevlaxın Aran qəsəbəsində yaşayan Anaxanım Musayeva iddia edir ki, 52 yaşlı qardaşı Əli Ağakişiyev həkimlərin səhvi üzündən ölüb. O, Meydan TV-yə danışır ki, 33 il Yekaterinburqda yaşamış, Azərbaycan vətəndaşı olan qardaşı 5 ay əvvəl sənədlərindəki məlumatları yeniləmək üçün müvəqqəti Yevlaxa gəlib.

Əli Ağakişiyev. Foto: Ailəsindən

Noyabrın 10-dan 11-nə keçən gecə qardaşının təzyiqi yüksəlib. Anaxanım Musayeva təcili tibbi yardım çağırıb. Həkim kardioqramma çəkəndən sonra pasiyenti xəstəxanaya götürməyi məsləhət görüb. Əli Ağakişiyev təcili tibbi yardım maşınıyla Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

“Gecə saat 2-də təzyiqi qalxmışdı, halı pisləşmişdi. Təcili yardım da çağırışa çox gec gəldi. Xərəyə də uzanmadı, özü mindi təcili yardım maşınına… Gətirdik xəstəxanaya, orada da özü sərbəst hərəkət edirdi, tualetə getdi, gəldi, bizimlə danışdı, dedi, bircə təzyiqimi salsalar, özümə gələrəm. Xəstəxana işçisi bir-bir həkimlərə zəng vururdu ki, xəstə var, 1 saatdan çox gözlədik, gah dedilər səhər gələ bilərlər, gah dedilər əgər taksi pulu verilsə, gecə gələ bilərlər. Dedim, əlimdə nağd pulum yoxdur, gəlsinlər, kartlarına ödəniş edərəm. Qardaşım UZİ, rentgen müayinələrindən keçdi, qan analizləri götürüldü, saldılar mədə əməliyyatına. Əməliyyat 3 saat çəkdi. Əməliyyatda cərrahlar Elmi Qədimov və Xamis Allahverdiyev, bir də soyadını öyrənə bilmədiyim Bəxtiyar adlı cərrah vardı. Bizə göndəriş verib göndərdilər Mingəçevirə ki, gedin, qan bankından qan alın, gətirin. Getdik, aldıq, gətirdik, verdik”.

“Cərrah dedi, mədəni yardıq, heç nə tapmadıq, bağladıq”

Xanımın sözlərinə sözlərinə görə, əməliyyat başa çatandan sonra ona bildirilib ki, problem mədədə deyilmiş:

“Elvin həkim dedi ki, mədəni yardıq, baxdıq ki, heç nə yoxdur, bağladıq. Orada nə axtarırlarmış, bilmədim. Adamın üzərində 3 saat əməliyyat aparıblar ki, görək orada nəsə var, ya yox”.

Noyabrın 10-dan 11-nə keçən gecə xəstənin yaxınlarına zəng vuraraq təcili qan bankına getməyi və qan almağı tapşırıblar:

“Dedilər, yubanmayın, tez gəlin, göndəriş götürün, gedin Mingəçevirə, təcili qan lazımdır. Biz də gecəylə dediklərini etdik. Səhəri gün yenə Mingəçevirə getdik ki, götürdüyümüz qanın əvəzinə qan verək. Yoldaydıq, xəstəxanadan zəng gəldi, dedilər, başınız sağ olsun, xəstəniz keçindi. Mədə əməliyyatı keçirən həkimlər gah dedilər böyrəkləri işləməyib, gah dedilər qaraciyəri dağılıb. Heç özləri də bilmədi ki, xəstə nədən öldü…”.

Prokurorluq ekspert rəyi gözləyir

Noyabrın 11-də Əli Ağakişiyevin nəşi dəfn olunub. Qardaşının yeddi mərasimindən sonra Anaxanım Musayeva Yevlax Rayon Prokurorluğunda olub, ərizə ilə müraciət edib, həkimlərdən şikayətçi olub. O, qardaşının ölümünə həkim səhlənkarlığının, səhv diaqnoz və səhv cərrahiyyə əməliyyatının səbəb olduğunu iddia edir. O, xəstəxanada qardaşının xəstəliyi və əməliyyatla bağlı sənədlərin saxtalaşdırıldığını, istintaq orqanına saxtalaşdırılmış sənədlərin verildiyini iddia edir.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu iş Yevlax Rayon Prokurorluğunda araşdırılır və əlavə məlumat almaq üçün TƏBİB-ə müraciət edilməlidir. Meydan TV əməkdaşının TƏBİB-in mətbuat xidmətinə “Whatsapp” üzərindən olunan müraciəti isə cavabsız qalıb.

Yevlax Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, bu iş üzrə ekspert rəyi hələlik quruma daxil olmayıb. Ekspert rəyi istintaq orqanına daxil olandan sonra ona uyğun qərar veriləcək.

Ana səhifəBölgəYevlax sakini: “Səhv əməliyyat qardaşımın həyatına son qoydu”