Sitrus meyvələrinin yeni qənimi – “Vampir kəpənəyi”

Foto: Azərtac

Yağış, həşəratlar və qiymətlər fermerlərin əsas probleminə çevrilib

Astarada əksər ailənin dolanışığı sitrus meyvələrinin satışından çıxır. Havaların qeyri-sabit keçməsi, aramsız yağışlar məhsuldarlığa təsir edib.

Fermerlər deyirlər ki, bu il həm də bölgə üçün xarakterik olmayan yeni həşərat növü ilə mübarizə aparmağa çalışıblar.  “Vampir kəpənəyi” adlandırılan həşərat növü bir çox bağda ağacları məhv edib.

Fermerlər narınginin satış qiymətlərindən də narazıdırlar.

Astaralı fermer Osman Qasımov Meydan TV-yə bildirib ki, builki mövsümdə xərclər çoxalıb. Buna görə də məhsulları anbara yığaraq daha əlverişli qiymətə satmağa çalışırlar. Fermer meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaqda çətinlik çəkdiklərini də söyləyib. Onun fikrincə, dərmanların keyfiyyəti aşağıdır.

Astara 2417 hektar narıngi bağı var. Fermer deyir ki, ildən-ilə məhsuldan gələn qazanc aşağı düşür.

“Mövsümün əvvəlində çox adam məhsulunu elə həyətində 1 manatdan satdı. Qarşıdan yeni il gəlir, bayram ərəfəsi yəqin qiymətlər qalxacaq. Yəni xərclər qarşılanacaq, uzaqbaşı beş-on manat qazanacağıq. Halbuki ümidimizi məhsula bağlamışıq”, – Osman Qasımov bildirib.

Başqa bir fermer isə bildirib ki onun meyvə bağına “Vampir kəpənəyi” həşəratı darışıb, ağacların yarpaqlarını, cavan budaqları qurudub. Dərmanlanma aparılsa da, məhsuldarlıq yüksək olmayıb. Fermer bildirib ki, ilk vaxtlar ümumiyyətlə, xəstəliyin səbəbini tapmaqda çətinlik çəkiblər, müəyyən edənədək bir qədər gecikiblər. Nəticədə məhsuldarlıq ən azı iki dəfə aşağı düşüb:

“Bir də gördük məhsul yerə tökülüb, meyvənin qabığı zədələnir, xarab olur. Demək olar ki, hər sotdan əkmişik, amma nə dərman vururuqsa nəticəsi olmur”.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, son vaxtlar karantin obyekti olan zərərvericilər geniş yayılır.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

 “Fermerlər bu zərərvericilərə qarşı mübarizə aparmaqda acizdilər. Bir səbəbi də odur ki, hamı eyni zamanda mübarizə aparmır. Məsələn, biri mübarizə aparır, qonşusu isə tədbir görmür. Qonşunun təsərrüfatında olan ziyanvericilər yenə də bu təsərrüfata keçir. Yəni mübarizə geniş və təşkil olunmuş qaydada aparılmalıdır”,-ekspert bildirib.

Onun fikrincə, mübarizə tədbirlərinə bu sahəyə məsul olan şəxslər nəzarət etməlidirlər. Azərbaycanda məmurlar fermerləri, fermerlər də məmurları günahlandırırlar:

“Fermerlərin zərərvericilərlə mübarizə aparmaq üçün texnikası, qüvvəsi yoxdur. Ölkəyə gətirilən kimyəvi dərmanların keyfiyyəti aşağıdır, dəfələrlə istifadə etdikləri halda nəticə vermir. Məmurlar da deyirlər ki, fermerlərin özləri məşğul olmalıdır. Halbuki bu işlə peşəkarlar məşğul olmalıdırlar”.

Məhərrəmli xəbərdarlıq edib ki, qlobal istiləşmə nəticəsində həşəratların sayı həddindən artıq çoxalacaq.

Ana səhifəBölgəSitrus meyvələrinin yeni qənimi – “Vampir kəpənəyi”