Zərdüşt Əlizadə
Prezidentin bu cəsarətli qınaq çıxışından feyziyab olanlara xatırlatmaq istərdim ki…
Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirilmiş zirvə görüşünün iştirakçıları qarşısında, açılış mərasimində etdiyi çıxışı bəzi əcnəbi siyasi xadimləri qəzəbləndirmiş, bəzilərinin ürəyinə məlhəm qoymuş, lakin Azərbaycan rəiyyətinin mütləq əksəriyyətinin ürəyindən tikan çıxarıb bu sadəlövh qəlbləri qürur hissi ilə doldurmuşdur.
Güman edirəm ki, Kaledoniya müstəqilliyə çıxandan sonra onların milli-azadlıq mübarizəsi salnaməsində Prezident Əliyevin bu çıxışı Azərbaycanın milli mücadilə tarixində 1988-ci il noyabr ayının 17-də başlayıb dekabrın 5-də qurtarmış Dirçəliş mitinqi səviyyəsində müqəddəsləşdiriləcəkdir. Bəlkə də adını elə Kaledoniya xalqının Dirçəlişi qoyacaqlar.
Məsələdən hali olmayanlar üçün deyim ki, ev sahibi qonaqların bəzilərinin abrını ətəklərinə bükmüş, loru dillə desək, xəcalətindən çıxmışdır. Qonaqların bəziləri inciyib məclisi tərk ediblər, deyilənləri öz ünvanına aid etməyənlər isə qalıb tədbirdə tələb olunan qədər iştirak ediblər. Hətta Çexiyanın baş naziri “pərt olma fit çal” deyiminə uyğun olaraq şortik geyib dənizkənarı bulvarda bir az ora-bura qaçıb.
Prezident qonaqlara nə deyib? Heç nə. Hamının ürəyində olanı. Deyib ki, bizə qüsur saydığınızı özünüz gündə on dəfə edirsiniz, hətta biz etdiyimizdən betərini törədib özünüzü peyğəmbər övladı sayırsınız. Xüsusilə Avropa parlamentinin, ATƏT-in, Fransanın və Niderlandın cəmdəyinə döşəyib. Görünür, ürəyi doluymuş.
Deyib ki, Azərbaycanda insan haqlarının pozulduğunu deyirsiniz, amma mötəbər parlamentlərin üzvləri Avropa dövlətlərinin törətdiyi cinayətləri görüb susurlar, heç cınqırlarını çıxarmırlar. Özgə gözündə qılı görüb öz gözlərində tiri görmürlər. Azərbaycanda bir neçə vətəndaşın cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayan siyasətçilər Fransanın müstəmləkə Kaledoniyada 13 dinc nümayişçini güllələyib öldürdüyünü dillərinə belə gətirmirlər.
Prezidentin bu cəsarətli qınaq çıxışından feyziyab olanlara xatırlatmaq istərdim ki, bu tövr çıxışlar dünyanın siyasət təcrübəsində əsla təzə və nadir deyil, soyuq müharibə illərində sovet quruluşunu insan haqlarına hörmətsizlikdə ittiham edənlərə sovet nümayəndələri qısaca deyirdilər:
“Sizdə isə zənciləri asırlar”.
Düz də deyirdilər.
Ancaq amerikan tərəfi də borclu qalmadı. Senatorların mətbuat konfransında yerli jurnalist onlara erməni vandallığı barədə sual verəndə gözünə döndüyüm senator dedi ki, sizdə insan hüquqları ayaq altındadır, yəni “sizdə isə zənciləri asırlar”.
Bu COP29 həngaməsinin şəxsən mənə xeyri oldu, tədbir başlayandan indiyə kimi maşın sürmürəm, belə şəraitdə maşını həyətdən çıxarmaq təyyarədən paraşütsüz tullanmağa bərabərdir. İnşallah, noyabrın 22-də canımız qurtaracaq, bir də gələn beynəlxalq tədbirə qədər asudə dolanacağıq. Mahiyyətə gələndə, bu tədbirdən xeyli adam öz xeyrini götürdü. Azərbaycan bir neçə biznes müqavilə bağladı. Kasıb dövlətlərin başçıları varlı dövlətlərdən yardımı ümid etdikləri həcmdə ala bilmədilər.
Azərbaycanda sərasər davam edən hadisələrə rəiyyətin münasibəti məni şəxsən sevindirir. Bu münasibət sübut edir ki, rəiyyət gerçəkliyə çox sadə və sağlam yanaşır. Kimin isə mürəkkəb və mənfi saya biləcəyi hadisələrə bizimkilər çox sadə və səmimi məzə hissi ilə yanaşırlar.
Məsələn, 2020-ci ilin yayında Tovuz rayonunda erməni qoşunları ilə baş vermiş və bizim tərəfin itkisi ilə nəticələnmiş silahlı toqquşmanı bir nəfər sıravi azərbaycanlı sosial şəbəkədə belə təsvir etmişdi: “Maşınımı dəyişdirmək istəyirdim, fəqət hansı maşını seçmək məsələsində çox tərəddüd edirdim. Tovuz hadisəsindən sonra isə qəti əminəm: UAZ, yalnız UAZ!”
Mən bu münasibəti aşıb daşan həyat eşqinin və nikbinliyin əlaməti sayıram. Kimsə başını bulayıb bu sətirlərin sahibini sırtıq saya bilər, kimsə onu milli qürurun kasadlığında ittiham edə bilər, şəxsən mən bu münasibəti həyata nikbin yanaşmanın əlaməti kimi qiymətləndirirəm.
Bizim rəiyyətin sağlam düşüncəsinə daha bir sübut: Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə naz edib bizim diplomatlarla yalnız beynəlxalq vasitəçilərin iştirak edəcəyi və mütləq Avropada keçiriləcək danışıqları qəbul edəcəkləri barədə şərtlərini açıqlayanda, hamı susurdu. Amma elə ki, mühasirə halqası qapandı və hərbi əməliyyatın keçirilməsi qaçılmaz aqibətə çevrildi, Qarabağ erməniləri bizim tərəfin danışıqları Yevlaxda keçirməsinə razı oldular. Gözünə döndüyüm naməlum bir kəs sosial şəbəkədə aşıq mahnısı tərzində bir mahnı oxudu: “Ay erməni, Yevlaxa gəl, Yevlaxa…”. Bu gözəl beş sözə nə deyəsən?
Dünya hadisələrində hansısa oxşar cəhətləri görməmək mümkün deyil. Məsələn, indi hamı fal açır: görəsən Tramp İranı vuracaq, ya öpəcək? Qəzza zolağında qırılan bədbəxt ərəblər unudulub, diqqət yönəlib Trampa və İrana. İsrail deyir ki, mən neyləmişəm? Cəmi 10 min ərəb öldürmüşəm. HƏMAS deyir 10 min yox, 44 min. Qırılanların sayı barəsində ciddi mübahisə gedir. Bu mübahisə mənim yadıma Holokostda qırılan yəhudilərin sayı ilə bağlı elmi-siyasi didişməni salır. Yəhudilər deyir “bizdən qırılan 6 milyondur”. Qərb ölkələrində 5,5 milyon və ya, Allah eləməmiş, 4 milyon deyəni tutub basırlar qazamata. Britaniyadan bir tarixçi professor əlində dəlil-sübut deyəndə ki, qurbanların sayı 6 milyondan azdır, tutub Avstriyada saldılar zindana, 2-3 il yatandan sonra tövbə etdi, buraxdılar.
Adamın adı çıxınca, canı çıxsın. İsrail işğalına müqavimət göstərən fələstinlilərə terrorçu adı qoyublar. İndi müsəlmanlar nə qədər özlərini ədəbli aparsalar da, deyirlər ki, bu müsəlmanlardan nə gözləyirsiniz? Geridə qalmış məxluqatdır, sivilizasiya nədir bilmirlər, torpaqlarını qəsb edənlərə silah qaldırırlar, terrorçudurlar.
Dərindən düşünəndə, bəzi mətləblərin sirri açılır. Məsələn, mən elə-hey baş sındırırdım ki, Azərbaycanda siyasi fəalları və jurnalistləri niyə həbs edirlər? Onlardan hakimiyyətə heç bir təhlükə yoxdur, siyasi səhnə bombalanboş, əhali dünyanın siyasi işləri ilə maraqlanır, məmləkətin işlərinə isə biganədir, Qərb Azərbaycanı hərdən nə isə qoparmaq istəyəndə xatırlayır. Elə-hey cürbəcür fərziyyələr qururdum. İsrailin Qəzza zolağnda əməliyyatının məqsədini anlayandan sonra bildim ki, qara qızın dərdi varmış. İsrail Qəzza ərəblərini qırıb öldürür ki, siz dəxi Fələstinin işğalına və ilhaqına etiraz etməyin. Etiraz etməyin, faşistlərin yəhudilər üçün qurduğu Varşava gettosuna bənzəyən Qəzzada səssiz-səmirsiz yaşayın, biz də sizin yemək-içməyinizin pulunu zəngin ərəblərdən alıb sizə ötürərik. Əsas odur ki, dinməyin.
İndi bildiniz ki, niyə Azərbaycan və İsrail böylə mehribandır, bundan da artıq, həqiqi can-ciyərdir? Bu iki dövlətin rəhbərlərini dünyanın işlərinə müştərək baxış birləşdirir. Hər iki halda bu iki dövlətin siyasi hakim sinfi yalnız və yalnız milli maraqları müdafiə edir.
Bu milli maraqlara nə daxildir, bu, alayı söhbətdir, uzun mətləbdir, həm də cəncəllidir.
Allah qoysa, bu barədə də danışarıq.