Şvabe COP29-a buraxılmadı: “Azərbaycan demokratiyanın karikaturasıdır”

Frank Şvabe. Foto: bundestag.de

Deputat Azərbaycanda insan hüquqlarının vəziyyətini “dəhşətli” adlandırıb

Noyabrın 14-də Almaniya Bundestaqında Azərbaycanda insan hüquqları və Bakıda keçirilən BMT-nin COP29 sammiti müzakirə olunub.

Müzakirələrdən sonra deputatlar hakimiyyəti Qubad İbadoğlu, Anar Məmmədli, Samir Aşurov və digər siyasi məhbusları azad etməyə çağırıblar.

“Turan”ın məlumatına görə, debatlar deputat Frank Şvabenin təşəbbüsü ilə keçirilib.

Frank Şvabe bildirib ki, Bakıda COP29 sammiti insan hüquqları baxımından “dəhşətli” vəziyyət fonunda gerçəkləşir. Deputat özü də daxil bir neçə həmkarının sammitə buraxılmadığını iddia edib:

Məni bu tədbirə buraxmadılar. Tədbirin Bakıda keçirilməsi onun məqsədlərinə xidmət etmir. Məndən başqa, Bundestaqın bir sıra digər deputatları da Azərbaycana buraxılmayıb. Çünki biz insan hüquqlarını müdafiə edirik. Odur ki, belə konfransın Azərbaycanda keçirilməsinin özü problemdir, çünki Azərbaycan müsbət enerjiyə keçidə sıfır istək nümayiş etdirir”.

“Biz dövlət səviyyəsində korrupsiyanı görürük, SOCAR dövlət şirkəti vasitəsilə Avropaya yayılır ki, bu da absurddur, çünki bu, enerji şirkətidir. Biz bütün bunları “demokratiya” adlı fasadın arxasında görürük, lakin bu, əsl demokratiyanın karikaturasından başqa bir şey deyil. Biz yüzlərlə siyasi məhbusdan, bəlkə də, ölkədən çıxarılmış minlərlə adamdan  danışırıq və onlar transmilli repressiyalara məruz qalmağa davam edirlər”, – deyə Şvabe əlavə edib.

O bildirib ki, Drezden Universitetinin professoru Qubad İbadoğlunun işini yada salmaq kifayətdir:

Onun yeganə cinayəti hakimiyyətin iqtisadi sxemlərini ortaya qoymasıdır. Hazırda onun vəziyyəti ağırdır və təcili tibbi yardıma ehtiyacı var”.

Almaniyalı deputat həmçinin, hüquq müdafiəçisi, Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin, Tbilisi həbsxanasında aclıq edən Əfqan Sadıqovun və digərlərinin işlərini yada salıb:

“Bütün bu siyasi məhbuslar azad edilməlidir. Bundan əlavə, mən diqqəti Almaniyada olan müxalifətçilərin müdafiəsinə yetirmək istəyirəm. Əvvəllər onlardan altısı Azərbaycana deportasiya olunaraq Samir Aşurov kimi həbsə məruz qalıb. Biz onları azad etmək üçün hər şeyi etməliyik”.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.

Ana səhifəCOP29Şvabe COP29-a buraxılmadı: “Azərbaycan demokratiyanın karikaturasıdır”