Azərbaycan imicini yaxşılaşdırmaq üçün lobbiçilik şirkətinə 4.7 milyon dollar ödəməkdə ittiham olunur

COP29. Foto: REUTERS/Aziz Karimov

Britaniya lobbiçiləri iqlim sammiti ərəfəsində Azərbaycanı “yaşıllaşdırmaq” istəyiblər

“Boris Consonun keçmiş biznes rəhbəri də daxil olmaqla bəzi britaniyalı məsləhətçilər, insan haqları pozuntularında ittiham olunan Azərbaycan rejimi üçün yarımştat iş müqabilində aylıq 25,000 dollar məvacib və 50,000 dollara qədər bonus alır”.

“Democracy for Sale”-nin araşdırmasında belə deyilir.

Bildirilir ki, Böyük Britaniyanın yüksək səviyyəli siyasətçiləri və neft sənayesi ilə sıx əlaqələri olan bir lobbiçilik şirkəti, Azərbaycan hakimiyyətinin bu ay keçiriləcək COP iqlim sammiti öncəsində imicini yaxşılaşdırmaq üçün 4.7 milyon dollar ödəniş alır.

Keçmiş mədəniyyət naziri Ben Bredşou (Ben Bradshaw) və Boris Consonun keçmiş biznes rəhbərinin də çalışdığı lobbiçilik nəhəngi “Teneo” ilə yeddi aylıq müqavilə imzalayıb.

Kampaniyaçılar iddia edirlər ki, bu müqavilə neftlə zəngin olan Azərbaycanın imicini “yaşıl görünüşə” bürüməyə kömək edəcək.

BMT 11 noyabrdan etibarən COP29 iqlim dəyişikliyi sammitini Azərbaycanın paytaxtı Bakıda keçirəcək. Sammitin Azərbaycan kimi bir ölkədə keçirilməsi mübahisələrə səbəb olub. Ölkə iqtisadiyyatı əsasən fosil yanacaqlara əsaslanır və tənqidçilər rejimin insan haqları ilə bağlı məsələlərinə, o cümlədən iqlim aktivistlərinin həbsinə diqqət çəkiblər.

“Democracy for Sale”, “i Paper” və “Source Material”-ın birgə araşdırması nəticəsində məlum olub ki, “Teneo” müqaviləsi çərçivəsində britaniyalı məsləhətçilərdən biri yarımştat işləməsinə baxmayaraq, aylıq 25,000 dollar məvacib və 50,000 dollara qədər bonus alacaq.

“Teneo”nun Azərbaycanla bağlı müqavilə üzərində çalışan lobbiçilik komandasına Boris Consonun keçmiş baş biznes müşaviri Aleks Hikman da daxildir.

ABŞ sənədlərinə görə, “Teneo” COP sammitinin təşkilatçılarına “media təlimi”  keçirəcək və “narrativin inkişafı” üzrə məsləhətlər verəcək. Lobbiçilik şirkətinin bu layihəsinə “Teneo”nun Qlobal Strategiya Prezidenti Geoff Morrell rəhbərlik edəcək. O, Azərbaycanın ən böyük xarici sərmayədarı olan neft nəhəngi BP-nin keçmiş icraçı rəhbərlərindən biridir.

BP-də çalışdığı dövrdə Geoff Morrell, Meksika Körfəzindəki “Deepwater Horizon” qazma qurğusunun partlaması nəticəsində 11 nəfərin ölümü və dörd milyon barrel neftin okeana axmasına baxmayaraq, şirkətin təsirini şişirtdikləri üçün “fürsətçi” ətraf mühit fəallarını tənqid etmişdi.

İqlim kampaniyası qrupları isə “Teneo”nu Azərbaycanın imicini “yaşıl” göstərməyə kömək etməkdə ittiham edirlər. “Global Witness” təşkilatının baş tədqiqatçısı Lela Stanley qeyd edib:

Azərbaycan kimi neft dövlətlərinə yardım edən şirkətlər… yaşıl görünməkdə onları dəstəkləyərək məsuliyyət daşıyırlar”.

ABŞ hökumət sənədlərinin təhlilinə əsasən, “Teneo” yalnız Azərbaycan rejimi ilə deyil, həmçinin Səudiyyə Ərəbistanı və BƏƏ ilə də gəlirli müqavilələr imzalayıb.  Bundan əlavə, şirkət “British Gas”-ın sahibi “Centrica” və mədən nəhəngi BHP kimi dünyanın aparıcı fosil yanacaq şirkətləri üçün də fəaliyyət göstərir.

Mütəxəssislər Birliyi kampaniyaçısı Keti Malvi (Kathy Mulvey) bildirib:

“Həm iqlim böhranını dərinləşdirən neft və qaz şirkətlərinə, həm də beynəlxalq iqlim danışıqlarına ev sahibliyi edəcək ölkənin hökumətinə xidmət göstərmək bir PR şirkəti üçün açıq şəkildə maraq toqquşmasıdır”.

Azərbaycan, dünyanın ən vacib iqlim konfransına ev sahibliyi edəcəyi elan edildikdən sonra, insan haqları və media azadlığı üzərindəki təzyiqləri artırmaqda ittiham olunur.

Məqalədə qeyd olunur ki, ötən ilin iyulunda, London İqtisad Məktəbindən siyasi elmlər üzrə mütəxəssis Qubad İbadoğlu Azərbaycanda ailəsini ziyarət edərkən həbs olunub . İbadoğlu, Əliyev rejiminin açıq tənqidçisi hesab olunur.

Qubad İbadoğlu. Foto: Meydan TV

“Rejimin əsas məqsədi onlara qarşı duranları aradan qaldırmaqdır. Onlar atamı pullarına, güclərinə bir təhdid kimi gördülər. Bu, onlara onu dayandırmağın bir yolunu tapmaq lazım olduğu qərarını vermək üçün kifayət etdi”,– onun 24 yaşlı oğlu İbad “Democracy for Sale”a video zəngdə bildirib. O, bacısı və anası ilə birlikdə İsveçdə yaşayır.

“Amnesty International”-ın Baş katibi Aqnes Kallamar (Agnès Callamard) deyib:

“Azərbaycan iqlim ədaləti üzrə beynəlxalq konfransa ev sahibliyi edir, eyni zamanda tənqidi ifadə və etirazların bütün formalarını sıxışdırmaqla və yerli vətəndaş cəmiyyətini dağıtmaqla iqlim aktivizminin əsas sütunlarını zəiflədir”.

Bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev, “neft və qaz yataqlarına sahib olmaq bizim günahımız deyil. Bu, Allahın bir hədiyyəsidir”,- demişdi.

İlham Əliyev
Source: Foto: Azərtac

Berlində iqlim diplomatiyası tədbirində danışan Əliyev, “fosil yanacaqlarla zəngin bir ölkənin başçısı olaraq, əlbəttə ki, bu ölkələrin investisiyaları və istehsalını davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var”,- söyləyib.

Dünyanın liderləri, nazirləri və təmsilçiləri COP-da iqlim dəyişikliyinin və onun təsirlərinin birgə müzakirəsi, təsdiqlənməsi üçün toplaşırlar.

Ətraf mühit sammitinə ev sahibliyi etməsinə baxmayaraq, Azərbaycanın növbəti on il ərzində neft və qaz istehsalını artırmağı planlaşdırdığı bildirilir.

Araşdırmada vurğulanır ki, ölkə, bütün gəlirlərinin 60%-ni neft və qazdan əldə edir və Rusiya-Ukrayna müharibəsindən sonra Avropaya qaz ixracını da kütləvi şəkildə artırıb.

Lobbiçilik əlaqələri

2011-ci ildə Prezident Bill Klintonun keçmiş köməkçisi tərəfindən təsis edilən “Teneo”, tez bir zamanda Qərbdəki ən iri lobbiçilik şirkətlərindən birinə çevrilib. Şirkətin baş qərargahı Nyu-Yorkda yerləşir.

“Teneo”, keçmiş Mühafizəkar Partiyasının sədri Endryu Feldman tərəfindən qurulan “Tulchan Communications” da daxil olmaqla, daha kiçik lobbiçilik firmalarının satın alınması nəticəsində böyüyüb. Baron Feldman, “Teneo” üçün lobbiçi olaraq fəaliyyətini davam etdirir və şirkətin İngiltərə strategiyası və kommunikasiya biznesinə rəhbərlik edir. Müştəriləri arasında “Thames Water”, “Severn Trent” və “McDonald’s” kimi şirkətlər var.

Araşdırmada qeyd olunur ki, ümumi seçkilərdən qısa müddət sonra, firma əlaqələrini Labour hökuməti ilə gücləndirmək məqsədilə keçmiş Labour naziri Ben Bredşounu baş məsləhətçi olaraq təyin etdi.

ABŞ sənədlərində Bredşou COP müqaviləsi üzərində çalışan şəxslərdən biri kimi qeyd olunmasa da, “Teneo” tərəfindən işə götürüldüyü zaman şirkətin İngiltərə üzrə baş icraçı direktoru Nik Kleydon bildirib:

“Benin dərin biliyi və təcrübəsi yeni Labour idarəsinin prioritetlərini və yanaşmasını anlamağa kömək edəcək, “Teneo”-nun müştəriləri üçün dünya üzrə böyük fayda verəcək”.

“Teneo”nun İngiltərədəki baş idarəedici direktoru Patrik Lohlan (Patrik Loughlan), Toni Blerin (Toni Blairin) keçmiş “Downing Street”in xüsusi müşavirlərindən biri, Labour Partiyasının əvvəlki siyasət direktoru və Araşdırma Departamentinin rəhbəridir. Şirkətin idarəedici direktoru Robert Fuller də son seçki kampaniyası zamanı “Labour”-a kömək etmək üçün altı həftə könüllü işləyib.

Həm “Teneo”, həm də Azərbaycan hökuməti şərh verməkdən imtina edib.

Əlavə məlumatları Piter Qeyqan (Peter Geoghegan) təqdim edib.

Ana səhifəSiyasətAzərbaycan imicini yaxşılaşdırmaq üçün lobbiçilik şirkətinə 4.7 milyon dollar ödəməkdə ittiham olunur