“Qubad İbadoğlu və Əziz Orucova qarşı ittihamlara xitam verilməlidir”
“Mədən Sənayesində Şəffaflığın Artırılması” (MSŞA) Koalisiyası Azərbaycan hakimiyyətinə COP29 ərəfəsində müraciət edib.
MSŞA bəyanatında ictmai fəaliyyətinə görə həbsdə olanları, həmçinin media nümayəndələrini azad etməyə çağırıb.
Bəyanatda deyilir ki, Koalisiyanın Şura üzvü, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılmalı, iqtisadçı Qubad İbadoğluna qarşı irəli sürülmüş əsassız ittihamlara xitam verilməlidir.
“Belə bir əhəmiyyətli tədbir öncəsi və sonra bütün dünyanın, xüsusilə, mütərəqqi və demokratik ictimaiyyətin, beynəlxalq təşkilatların diqqəti ölkəmizdə olacaq. İqlim dəyişikliyinə qarşı səmərəli mübarizədə insan hüquqları və azad vətəndaş məkanı əsas dəyərlərdir. Ədalətli enerji keçidinin təminində vətəndaş cəmiyyətinin rolu mühümdür. Müstəqil Vətəndaş Cəmiyyətinin fəaliyyətinə yönəlik bütün siyasi, hüquqi-inzibati baryerləri aradan qaldırılmağa, o cümlədən, ölkəmizdə xarici donorların fəaliyyətinə qoyulmuş bütün hüquqi məhdudiyyətləri aradan qaldırmağa çağırırıq”, – MSŞA bəyanatında deyilir.
Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.
Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb.
İddia olunub ki, “Kanal 13” rəhbəri inşasına icazə olmadan ev tikib.
Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.
Dekabrın 22-də isə kanalın əməkdaşı Şamo Eminov da eyni cinayət işi üzrə Cinayət Məcəlləsinin 206.3.2 maddəsilə təqsirləndirilərək həbs olunub.
Onların hər ikisi bu ittihamları rədd edir, “Kanal 13”-ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər.
Azərbaycanda müxtəlif media qurumlarını təmsil edən 20-yə yaxın jurnalist qaçaqmalçılıq ittihamıyla həbs olunub.
“AbzasMedia”, “Toplum TV” və s. media orqanlarının ofislərində axtarış aparılıb.
İddia olunur ki, adları çəkilən media orqanlarının əməkdaşları xaricdən qaçaqmalçılıq yolu ilə pul gətiriblər. Lakin jurnalistlər bu ittihamları rədd edir, hakimiyyətdə təmsil olunanların korrupsiya əməllərini ifşa etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Qubad İbadoğlu 2024-cü il aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.