Sadə fənd və ciddi nəticə

Şuşa bəyannaməsi imzalanarkən Foto: Azərtac

Zərdüşt Əlizadə

Məncə, növbədə siyasi oyuna Türkiyənin fəal müdaxiləsi gözlənilir…

Üçtərəfli Bəyanatın elanından 4 il keçir. Bəyanatın 9-cu bəndində Ermənistan ərazisindən Naxçıvana gedən yolun tikilməsi və açılması nəzərdə tutulmuşdu.

Bəyanatın digər bəndləri, bəziləri artıqlaması ilə icra olunub, 9-cu bənd tilsimə düşüb. Meğri yolu nəinki tikilməyib, onun tikilməsi barədə heç qərar belə qəbul edilməyib. Danışıq aparan tərəflər dar körpüdə iki qoç kimi kəllə-kəlləyə dirənmişdilər. 9-cu bəndin icrası məsələsinə xarici qüvvələr qoşulmuşdu – Rusiya, İran, Türkiyə, ABŞ və Fransa.

9-cu bənddə məğlub Ermənistan öhdəlik götürmüşdü ki, Meğri yoluna Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək. Bu öhdəlik, Ermənistanla Rusiya arasında 1992-ci ildə qonşumuzun cənub sərhədlərinin rus sərhədçiləri tərəfindən qorunması barədə bağlanmış müqaviləni nəzərə alsaq, tam məntiqi qəbul edilməliydi. 44 günlük müharibənin sonunda çətin vəziyyətə düşmüş Nikol Paşinyan Vladimir Putinin yazdığı bu bənd olan sənədi imzalamağa məcbur olmuşdu.
Lakin ara sakitləşəndən sonra erməni lideri mövqeyini dəyişdi və ölkəsinin mühüm bir sahəsini Rusiyanın əlinə əlavə bir müqavilə ilə vermək öhdəliyindən yayınmağa başladı. Zira Ermənistanın strateji gələcək istiqaməti Qərbə yönəlir. Bu gələcəkdə rus sərhədçilərinə yer yoxdur.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

O vaxtdan bəri “Zəngəzur dəhlizi” mövzusu uzun bağırsaq kimi uzanırdı. Azərbaycan öhdəliyin icrasını tələb edirdi, çünki Horadizdən Mincivana uzanan dəmir yolu tikilə-tikilə Qərb sərhəddimizə yaxınılaşırdı. ABŞ yolun açılmasını istəyirdi, fəqət yola rusların nəzarət etməsini istəmirdi. İran yol vasitəsilə bölgəyə girişməyə çalışan Qərbin səylərini görürdü və İranın rəhbəri ayətullah Xameneyinin dili ilə Ermənistanın Baş nazirinə anladırdı ki, “Zəngəzur yolu Ermənistana ziyandır”.

Rusiya Azərbaycan Prezidentindən Ermənistana təzyiq etməsini gözləyirdi.

Məsələ çox qəliz və cəncəl idi. Nə etməli?

Azərbaycan sadə bir fənd işlətdi. Ermənistana təklif etdi ki, “gəlsənə Meğri yolu məsələsini danışıq gündəliyindən çıxarıb gələcəyə saxlayaq?”. Ermənistan bu təklifi öz süründürməçilik siyasətinin uğuru sanıb sevincək razı oldu və tərəflər mühüm diplomatik razılaşma kimi “Zəngəzur dəhlizi” məsələsinin sülh sazişi layihəsindən çıxarıldığını elan etdilər.

Azərbaycan bunu həm də bizim diplomatiyanın danışıqlarda güzəştlərə hazırlığının sübutu kimi təqdim etdi.
Meğri dəmir yolu müzakirələrində bir oyunçu – Azərbaycan – azaldı. Qaldı torpaq sahibi Ermənistan, İran, ABŞ və Rusiya.

ABŞ-ın başı qarışmışdı hakimiyyət davasına, həm də tapşırığını Ermənistana artıq vermişdi deyə o da müvəqqəti olaraq kənara çəkildi.
Ermənistan qaldı yolun açılmasının qəti əleyhdarı İranla yolu nəzarətə götürməyə çalışan Rusiya arasında.

Rusiya ilə İran arasında gərginlik yarandı. Şoyqu Tehrana uçdu, Putinin istəyini və qətiyyətini İran rəhbərliyinə xırdaladı.
İranın başı İsrailin gözlənilən zərbələrini dəf etməyə qarışdığından çox dirənmədi və rus nəzarətinə razılığını verdi.

Paşinyan Moskvaya, MDB dövlət başçılarının müşavirəsinə və Putinin ad gününə uçdu və burada Meğri yoluna birgə rus-erməni nəzarəti barədə razılığı elan etdi.
Məsələ həll edildi? Hələ yox. İrəlidə yolun tikilməsi, ondan istifadə qaydalarının razılaşdırılması durur. Qarşılıqlı inamsızlığı nəzərə alsaq, Azərbaycana və Ermənistana digər dövlətlər üçün adidən adi görünən inzibati və texniki məsələlərin müzakirəsi və razılaşdırılması çox çətin olacaq.

Bunun əleyhinə çıxan şəxslərə sualım var: siz Şuşa bəyannaməsinə inanmırsınız? Əgər inanmırsınızsa, bu dünyada daha nəyə inamınız qalıb?

43 kilometr uzunluğu olan yoldan yüklər və sərnişinlər necə keçəcək? Rusiyanı anklav Kalininqrad vilayəti ilə bağlayan və Aİ üzvü olan Litvadan keçən dəhlizin iş qaydaları Meğri yolu üçün məqbul sayıla bilərmi?

Bizdə başları müvəffəqiyyətdən gicəllənmiş bəzi məsuliyyətsiz vətəndaşlar “Zəngəzur Azərbaycandır” yazıb dövlət rəhbərliyindən beynəlxalq hüququ aşkar pozan tələblərin irəli sürməsini gözləyirlər.

Vaxtilə arxalı köpəyin ondan güclü qurdu basmasını, nəhayətdə bu müvəqqəti qələbənin köpək üçün necə acı nəticələrə gətirdiyini dərk etməyən siyasi romantiklər ümumiyyətlə siyasi məsələlərin həllindən nə qədər təcrid edilsələr, bir o qədər dövlətə xeyir olar.

Ermənistan ictimaiyyəti Moskvada qəbul edilmiş bu qərarı dövlətin suverenliyinin gücləndirilməsi istiqamətində atılmış müsbət addım kimi qiymətləndirdi. Məncə, Azərbaycan ictimaiyyəti də bu qərarı bizim üçün faydalı hesab etməlidir.

Azərbaycana nə lazımdır? Qatarlar Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz gedə bilsin. Ermənistan ərazisinə keçəndə yüklərə və sərnişinlərə kim nəzarət edəcək – erməni ya rus – bunun elə ciddi əhəmiyyəti yoxdur. Təki sərnişinlər və yük səlamət və tez keçib mənzilə yetişsin.

Çətin və cəncəl məsələlərin müzakirəsi zamanı sadə bir fənd işlədib vaxtında kənara çəkilməyin faydası göz önündədir. Qonşu dövlətlə çətin və cəncəl məsələlərin sayı çoxdur, bu fəndi digər hallarda tətbiq etmək, müşküllərin çözülməsinə digər oyunçuları cəlb etmək mümkündür. Buna deyilir diplomatik məharət və peşəkarlıq.
Məncə, növbədə siyasi oyuna Türkiyənin fəal müdaxiləsi gözlənilir. Bunun əleyhinə çıxan şəxslərə sualım var: siz Şuşa bəyannaməsinə inanmırsınız? Əgər inanmırsınızsa, bu dünyada daha nəyə inamınız qalıb?

Ana səhifəMənim FikrimcəSadə fənd və ciddi nəticə