Hacıqabulda nar bağları su içində qalıb

Foto-kollaj: Meydan TV

Kəndli: “Məhsul yığımı dövründə bu təbii fəlakət belimizi bükdü”

Hacıqabula yağan güclü yağış nəticəsində rayonun Udullu kəndində nar bağları su altında qalıb. Udullu sakinləri deyirlər ki, nar yığım dövründə bağları su basması məhsulun çürüməsi ilə nəticələnəcək.

Kənd sakini Sakit Əliyev Meydan TV-yə bildirib ki, əlverişsiz hava şəraiti səbəbindən xəstəliklərlə mübarizə azmış kimi yığım dövründə subasma onları çıxılmaz durumda qoyub.

“Evlər, həyətlər su altındadır, əvvəlcə evlərdəki su çəkilir. Bağlardan su çəkilsə belə, yarım metr lil əmələ gələcək. Məhsul yığımı dövründə bu təbii fəlakət belimizi bükdü”, – Əliyev söyləyib.

Udullu narı dadı və keyfiyyətinə görə məşhurdur. Kəndlilər deyirlər ki, builki mövsümdə onsuz da əksər ərazidə məhsuldarlıq yüksək olmayıb. Nar ağacda çürüyüb, yaxud paralanıb. Amma elə bağ da var ki, qulluq və xərc hesabına məhsuldarlıq yüksək olub. Bu il xərclər iki dəfəyə qədər artıb. Amma çəkilən xərcin heç olmasa yarısını çıxara bilməyəcəklər.

Kəndlilərdən biri qeyd edib ki, onun bağında ağacların üstü narla doludur, amma bağda yarım metrdən çox su var. Buna baxmayaraq hətta yığım mümkün olsa belə, məhsulu qoymağa yer yoxdur, hər yan suyun içindədir:

“Ev-eşik suyun içindədir, məişət texnikası yanıb. Bu il hansı sahəyə yönəldik, əziyyətimiz boşa çıxdı. Bahalıq, xərclərin artması, xəstəlik azmış kimi aramsız yağışlar da qəsdimizə durur. Nə bəla gəlirsə, mütləq kasıbı tapmalıdır”.

Udullu sakinləri deyirlər ki, nar onların əsas dolanışıq mənbəyidir, məhsulunu yığıb evinin zirzəmisində saxlayanlar da ziyana düşüb.

Udullu Kənd Bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, yığım dövründə bağların su altında qalması kəndliləri çətinə salıb. Hazırda texnika işləyir, sahələrdən suyun çəkilməsinə başlanılıb.

Kəndlilər deyirlər ki, nar bağını təbii fəlakətlərdən sığorta etdirənlər ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Buna görə də dəymiş zərərin ödənilməsini gözləmirlər.

Bioloq Zamin Məmmədov bildirib ki, narın inkişaf dövründə havanın yağıntılı keçməsi meyvələrin çürüməsinə və partlamasına səbəb olur. Bu ilin əsasən yağışlı olması narın çürüməsinə gətirib çıxaracaq.

Hacıqabul Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, hələlik suyun çəkilməsi ilə məşğul olurlar. Neçə hektar nar bağının suyun altında qaldığı, ümumiyyətlə təsərrüfatlara dəymiş zərərlə bağlı məlumat yoxdur. Rayonda yağış sularının dolması səbəbindən 500-dən çox ev zərər çəkib. Sakinlərin bəzisi hələ də öz evinə qayıda bilməyib.

Ana səhifəBölgəHacıqabulda nar bağları su içində qalıb