“Səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır”
Azərbaycanın dövlət başçısı İlham Əliyev hesab edir ki, Ermənistanla sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz.
Bu açıqlamanı Azərbaycanın Prezidenti İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının yeni səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirib.
“Ona görə də Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” təklifi qəribə, tamamilə reallıqdan kənardır və bu cür yanaşma presedenti mənə məlum deyil”, – Əliyev belə deyib.
Əliyevin sözlərinə görə, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan idi və həqiqətən, orada mühüm irəliləyişə nail olunmuşdu:
“Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.
“Torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk Qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər. Bir çox hallarda Ermənistan bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirir. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir. Torpaqlar işğal altında olanda – 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır”, – deyə Əliyev əlavə edib.
Ölkə başçısı qeyd edib ki, Avropa İttifaqı əvvəllər olduğu kimi Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır:
“Belə ki, Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmayıb. Bizim bununla bağlı o dövrdə Avropa İttifaqına və Avropa institutlarına xeyli sayda müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk Qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, Avropa İttifaqının mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər. Bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Əgər mümkündürsə, mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”.
İlham Əliyev Ermənistandakı Avropa müşahidə missiyasının vaxtının uzadılmasından narazılığını ifadə edib:
“Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Bakının razılığı olmadan, hətta məsləhətləşmədən uzadılmasıdır. Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq”.
Prezident həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyə malik olduğuna toxunub:
“Bu, enerji, nəqliyyat, yaşıl enerji, ticarət sahələrini əhatə edir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Ümid edirəm, ölkələrimiz arasında ikitərəfli münasibətlər Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək”.
Rəsmi məlumata görə, Səfir Julyen de Frepo öz tərəfindən əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
O, ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu da vurğulayıb.
Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını deyən diplomat Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Onun sözlərinə görə, Belçika Ermənistan-Azərbaycan münasibətləri ilə də bağlı regional sabitlikdə maraqlı ölkədir.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləyib.
O, eyni zamanda, mina çağırışları məsələsində də Belçikanın Azərbaycana, həmçinin ANAMA-nın fəaliyyətinə bundan sonra da dəstək göstərəcəyini vurğulayıb.
Azərbaycanın Prezidentinin söylədikləri ilə bağlı Ermənistan hökumətindən hələ ki reaksiya yoxdur.