Azərbaycan daha bir sahədə liderdir – ürək xəstəliyinə görə

Ürək həkimi. Foto: Billion Photos/shutterstock

“Ötən il 1 ayda 613 nəfər ürək xəstəliyindən ölüb”

Hər il 29 sentyabr Ümumdünya Ürək Günündə ölkələr kordioloji xəstəliklərlə mübarizə üsullarına diqqət çəkir. Statistikalar isə bu xəstəliyin zirvəsinin yaşandığı Azərbaycana doğru siqnal verir.

Ölkələr üzrə cari tibbi vəziyyəti müqayisə edən onlayn bazalardan olan “WORLDLIFEEXPECTANCY”-nin ürək xətəliklərinə görə təqdim etdiyi xəritədən də Azərbaycanın bu xəstəliyə görə dünyada 2-ci yerdə olduğunu görmək olur. Bakı Baş Səhiyyə Mərkəzi ötən il açıqlama yaymışdı ki, bir ayda 901 ölüm hadisəsindən 613-ü ürək xəstəliyindən baş verib.

Foto: Bakı Baş Səhiyyə Mərkəzi

2005-ci ildə 10.861 nəfər 18 yaşa qədər uşaq qan dövranı xəstəliklərindən əziyyət çəkirdisə, 2023-cü ildə bu rəqəm 17. 676-a yüksəlib.

Problemin kökü nədir?

Sosial təsirlər:

Terapevt Cavid İmamzadə Meydan TV-yə deyib ki, anadangəlmə və sonradan yaranan ürək, qan dövranı xəstəliklərini bu məsələdə ayırmaq gərəklidir və hazırda ən böyük mübarizə sonradan yaranan xəstəliklərlə bağlıdır.

Gəlin baxaq ki, Azərbaycan xalqı son illərdə necə yaşayır. Sistemsiz, disiplinsiz həyat tərzi. Nə idman var, nə stressiz yaşayış, nə də sağlam qidalanma. Balaca uşaqlar belə gecə 12-də, 1-də oyaq olur. Az yatır, bütün gününü telefon, kompüter başında zaman keçirir. Gənclər də, yaşlılar da belədir. Ağıllı telefonun insan psixologiyasına nə qədər zərərli olması barədə saysız elmi araşdırmalar var. Psixologiyasında problem olan adamın əsəbləri yerində olmayacaq və təbii ki, stresli olacaq. Hərəkətsizlik, daimi oturaq həyat tərzi bu vərdişlərin nəticəsidir. Üstəlik də 1-ci sinif uşağı məktəbdən evə gedəndə alıb enerji içkisi içir, evdə də qeyri-sağlam tərkibdə qidalarla bəslənir. Əsəbi, qeyri-sağlam qidalanan, telefon bağımlısı, hərəkətsiz bir uşaq. Bu uşağın sağlam olmasını gözləmək absurddur”,- həkim ürək xəstəliklərinin artmasının səbəblərindən danışıb.

İqtisadi təsirlər:

Həkim Vasif İsmayıl deyir ki, xəstəliklərlə iqtisadiyyatın birbaşa əlaqəsi var. Həkim bildirir ki, dövlətin, həm də vətəndaşların büdcəsi nə qədər zəngindirsə, xəstəliklərə qarşı mübarizə də o qədər effektivdir:

“Əhalinin maddi rifahının düşməsi birbaşa onun qida rasionuna təsir edir. Doymaq üçün ucuz və keyfiyyəti daha az, bəzən hətta tamamilə zərərli qidalar, şəkər tərkibi yüksək məmulatlar alır. Əvvəl kərə yağı alanlar, marqarin, mənşəyi məlum olmayan yağlara üz tutur”,– həkim qeyd edib.

Qida məhsulları
Foto: arxiv

Özəl klinikaların birində çalışan həkim Rəşad Sultanın sözlərinə görə, poliklinikalar profilaktik müayinə və müalicədə yetərli xidmət göstərmir. Həkim avadanlıqlarının azlığı, növbə problemi, mütəxəssislərin öz üzərində işləməməsi əhalinin güvənini zədələyir.

Azərbaycanda iki ildir ki, bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq edilir. Sığortanın xidmət zərfinə profilaktik, o cümlədən, bir çox xəstəliklə bağlı müayinələr daxildir – məsələn, ixtisaslı həkim, elektrokardioqrafiya müayinəsi, 24 saatlıq elektrokardioqram, doppler rəngli exokardioqrafiya müayinəsi və sair.

Meydan TV-yə danışan həkimlər həmçinin bildirir ki, azgəlirli əhali əsasən tikinti, xidmət kimi sektorlarda çalışır. Onlar həkimə getmək üçün işdən ya icazə ala bilmir, ya da gündəlik gəlirləri həmin gün dayanacağı üçün həkimə getməyi ertələyir.

Lakin vətəndaş işsizdirsə və ya işdən icazə alıb həkimə gedirsə, belə pulsuz müayinədən sonra müalicə xərclərini öz cibindən ödəməli olur. Azərbaycanda dərman qiymətlərinin yüksək olması hökumətdə təmsil olunan parlament üzvləri tərəfindən belə dəfələrlə gündəmə gətirilən, lakin nəticəsiz qalan problemlərdəndir.

Qidaya nəzarət: Əhalinin keyfiyyətli qidalanması kimin vecinədir?

Həkim kardioloq Zöhrab Sultanov ürək xəstəliklərinin artmasını qanda xolesterinin artması ilə əlaqələndirir. O deyir ki, hazırda marketdə, restoranlarda satılan qidaların faydasından çox zərəri var.

Ürək xəstəlikləri. Foto: “saglamolun.az”

“İndi donmuş yağlardan istifadə olunur. Ən çox da palma yağlarından. Demək olar ki, bütün qidaların tərkibində palma yağından istifadə olunur. O palma yağının tərkibində xolesterin çox yüksəkdir”,- kordioloq Meydan TV-yə deyib.

Azərbaycanda qidanın keyfiyyətinə qida təhlükəsizlik agentliyi nəzarət edir. Bu qurumun qida sektoruna nəzarəti isə tez-tez mediada da, cəmiyyət arasında da müzakirə edilir.

İqtisadçı, REAL Partiyasının yeni sədri Natiq Cəfərli hələ qurum təzə yaranan illərdə agentliyin rəhbəri Qoşqar Təhməzlinin daha əvvəl direktoru olduğu quruma külli miqdarda tender qazandırdığını iddia etmişdi. Bunun kimi fərqli rüşvət və korrupsiya iddiaları da sosial şəbəkələrdə sıxlıqla səslənir.

Ürək xəstəliyindən qorunmağın yolları

Kordioloq Zöhrab Sultanov ürək xəstəliklərindən qorunmaq üçün tövsiyələr verib. Həkim bildirir ki, iqtisadi və sosial problemlərə baxmayaraq, hər bir insan öz sağlamlığının qayğısına sadə həm də faydalı vərdişlərlə qala bilər. Kordioloq bildirib ki, fiziki hərəkəti həyat tərzində çevirmək, fastfuddan qaçmaq, bitki tərkibli qidalanmaq, zərərli vərdişlərdən uzaq durmaq ürək sağlamlığı üçün vacibdir.

Sintetik “kərə yağı”. Foto: IU Liquid and water photo/shutterstock

İşləmək, pul qazanmaq vacibdir, amma işdən əvvəl, sonra piyada bir neçə saat gəzmək, qaçmaq, evdə gimnastik hərəkətlər etmək lazımdır. Marketdən aldığınız yağın tərkibinə baxın. Mövsüm tərəvəzləri ilə qidalanın. Tərəvəz yeməkləri həm ucuz başa gəlir, həm də əvəzsiz faydalıdır. Siqaretdən, həmçinin tütün tüstüsündən uzaq durun. Az yeyin, çox hərəkət edin, çalışın əsəbləşməyin”,- həkim məsləhət verib.

Həkim hər il ən az bir dəfə yoxlamadan keçməyi vacib hesab edir:

Xəstəliyi ilkin mərhələdə aşkarlamaq vacibdir. Təzyiq problemi, nəfəs darlığı, xroniki halsızlıq, artıq çəki kimi problemlərdən əziyyət çəkirsinizsə, vaxtaşırı poliklinikalara baş çəkməyi unutmayın”.

Ürək xəstəliklərinin artmasının qarşısını almaqla bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in son illərdə heç bir xüsusi proqramı gözə dəymir.

Kardioloqlar cəmiyyətinin sədri Üzeyir Rəhimov Azərbaycanın ürək xəstəliklərinə görə lider ölkələrdən olmasını qəbul etmir. Deyir ki, bu, yanlış diaqnozun nəticəsidir.

Ana səhifəRedaktor seçimiAzərbaycan daha bir sahədə liderdir – ürək xəstəliyinə görə