MSK bir neçə seçki məntəqəsinin nəticələrini ləğv edib

MSK. Foto: MSK

İlqar Məmmədovun dairənin nəticələrinin ləğvi ilə bağlı şikayəti təmin olunmayıb

Sentyabrın 11-də Mərkəzi Seçki Komissiyası (MSK)  növbədənkənar parlament seçkiləri ilə əlaqədar 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizəd Əzizxan Əzizovun müraciətinə baxıb.

Bu barədə komissiyanın mətbuat xidməti məlumat yayıb.

İclasda komissiya üzvü Bəxşeyiş Əsgərov 78 saylı Lənkəran Kənd Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntuları olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla mübahisələndirilən digər seçki məntəqələrində seçicilərin iradəsinə mane olan hallara rast gəlinməyib:

Dairə seçki komissiyası qərarında qanun pozuntularının olmadığını əsas gətirərək müraciəti təmin etməyib. Biz isə təkrarən müraciəti araşdırmışıq. Həmin dairədən daha 2 namizəddən də pozuntularla bağlı izahat almışıq. Səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsindən yayımlanmış görüntülərə də baxılıb. Bizə təqdim edilən elektron daşıyıcıda isə prezident seçkilərində olan görüntü əksini tapıb. Təklif edirəm ki, müəyyən edilmiş qanun pozuntularına görə qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin”.

78 saylı Lənkəran Kənd Seçki Dairəsindən BDU-nun professoru Anar İsgəndərov qalib elan olunub.

22 saylı Nəsimi-Yasamal seçki dairəsinin üç seçki məntəqəsində də qanun pozuntusunun qeydə alındığı vurğulanıb.

MSK-nın Ekspert qrupunun üzvü Tofiq Həsənovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd İlqar Məmmədov bu şikayətlərlə MSK-ya müraciət edib:

“Namizəd səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntular, müşahidəçilərə maneələr yaradıldığını iddia edib. O həmçinin 2 və 21 saylı məntəqələrə aid videogörüntü təqdim edib. Amma bunlar təsdiqini tapmadığından müraciət təmin edilməyib. Təkrar araşdırma zamanı təqdim olunan sənədlərə yenidən baxılıb, müşahidəçilərdən izahatlar alınıb. Beləliklə, dairənin 2, 14 və 20 saylı məntəqələr istisna olmaqla, digər məntəqələrdə pozuntular aşkarlanmayıb. Adıçəkilən 3 məntəqənin nəticələri etibarsız hesab edilib”.

MSK üzvü əlavə edib ki, dairədəki 38 seçki məntəqəsindən 3-nün nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən isə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qalib sayılıb.

İclasın sonunda MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilərə hər hansı şəkildə kölgə salmaq mümkün deyil.

Onun dediyinə görə, 125 dairə üzrə cəmi 12 müraciət daxil olub:

Deməli, seçki çox yüksək səviyyədə keçib. Müəyyən dairələr üzrə hay-küy salma halları var. Biz görüntülərə baxırıq. Şikayətlərlə bağlı əlavə görüntülər daxil olsa, ona da baxacağıq. Bu gün də görüntülərə baxacağıq. 78 saylı Lənkəran Kənd Seçki Dairəsindən olam namizəd də gətirib prezident seçkisində olan görüntünü təqdim edir. Biz dönə-dönə nümayiş etdiririk ki, gözümüzdən tük də qaçmır. Biz işimizə ciddi yanaşırıq. Xüsusilə şikayətlərin araşdırılmasında biz hər detala fikir veririk”.

Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü də müşahidə edib.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidə etməyə də dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək seçkiləri boykot edib.

Sentyabrın 2-də ATƏT Müşahidə Missiyası və ATƏT Parlament Assambleyasının nümayəndələri Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ilkin rəylərini açıqlayıblar.

Müşahidə missiyası Azərbaycanda keçirilən seçkilərin beynəlxalq standartlara cavab vermədiyini, seçkilərin demokratik keçirilmədiyini bəyan edib.

Ana səhifəSiyasətMSK bir neçə seçki məntəqəsinin nəticələrini ləğv edib