Qraffiti çəkdikləri üçün həbs olunan əcnəbi turistlərin məhkəməsi gələn aya qədər təxirə salınıb
“Bakı Metropoliteni”nin deposunda qatarın vaqonunu boyamaqda – üstünə rəsm çəkməkdə ittiham olunan əcnəbi turislər – Fransa vətəndaşı Clerc Theo Huqo, Avstraliya vətəndaşı P.Han Paul və Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quentinin məhkəməsi başlayıb.
Məhkəmə prosesi Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə keçirilir.
Təqsirləndirilən şəxslərdən 1986-cı il təvəllüdlü qraffiti rəssamı Teo Klerk (Theo Clerc) həbsdədir. Digər iki nəfər – 1994-cü il təvəllüdlü İsmael De Saint Quenti və əslən Cənubi Koreyadan olan, 1992-ci il təvəllüdlü P.Han Paul haqqında isə elə əvvəldən həbs yox, başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi. Məhkəmə də bunu dəyişməyib.
Hərçənd, məhkəmənin hazırlıq iclasında vəkil Elçin Sadıqov Teo Klerkin ev dustaqlığına buraxılması, digər ikisinin haqqında isə qətimkan tədbirinin ləğvi və onların öz ölkələrinə geri qayıtmalarına icazə verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin hər üçü maddi ziyanı ödəyiblər. Han Paul və İsmael De Saint Quentinin aylardır Azərbaycanda işsiz, maddi baxımdan gəlirsiz vəziyyətdə olduqlarını vurğulayan vəkilin sözlərinə görə, onların bu ölkədə yaxını olmadığına görə dolanışıqda çətinlik çəkirlər. Vəkil bildirib ki, onlar ölkələrinə qayıdıb, videokonfrans vasitəsilə məhkəmədə iştirak edə bilərlər.
Teo Klerkə gəlincə, vəkil bildirib ki, o, həm ziyanı, həm də onun 25 faizi qədər məbləği – ümumilikdə 11 min 755 manat dövlət büdcəsinə pul ödəyib.
Vəkil onu da bildirib ki, ekspertiza keçirilib, vaqonun üstünə çəkilmiş rəsmlərin silinməsinin mümkünlüyü yoxlanmalı idi.
Müdafiəçi vurğulayıb ki, qraffiti bütün dünyada məşhurdur. Gənclərin küçələrdə divarlara, müxtəlif obyektlərin, qatarların üstünə rəsm çəkməsi adi hərəkət kimi qəbul olunur. Buna görə şəxsi həbsdə saxlamaq əsassızdır.
Hakim Gültəkin Əsədova müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə – ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İttihama əsasən, onların hərəkəti nəticəsində metropolitenə maddi ziyan dəyib, qatarı xətdən çıxarmaq məcburiyyətində qalıblar və nəticədə metronun hərəkət qrafikində problem yaranıb, sıxlıq olub və s.
Xarici vətəndaşlar isə özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə bildirib ki, üç dost olaraq, müxtəlif ölkələrə səyahət edirlər. Başqa yerlərdə də qraffiti ilə məşğul olublar. Düşünməyiblər ki, Azərbaycanda vaqonun üstündə rəsm çəkməyə görə xuliqanlıqda ittiham edilib, cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
38 yaşlı Teo Klerk bildirib ki, o, cinayət törətməyib və zərər vurmaq niyyəti də olmayıb. Hesab edir ki, Azərbaycan Fransa ilə münasibətlərdəki gərginliyə görə onu cəzalandırır:
“Fransa ilə münasibətlərə görə məni cəzalandırmaq düzgün deyil axı. Mən adi turist kimi dostlarımla buranı gəzməyə gəlmişdim. Mən Fransanı təmsil etmirəm. Sadəcə, Qafqaz ölkələrindən Azərbaycanda olmamışdıq, ona görə bura gəldik”.
Hakim məzuniyyətə getdiyinə görə məhkəmə prosesi sentyabrın 10-na qədər təxirə salınıb.
Adları çəkilən üç nəfər xarici vətəndaş martın 30-da hadisədən dərhal sonra saxlanılıb. Onların hər biri haqqında inzibati xəta protokolu tərtib edilib və Nərimanov rayon Məhkəməsində hakim qarşısına çıxarılıblar. Onların hər birinə İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsilə 9832 manat cərimə cəzası kəsilib. İddia olunub ki, vaqonun üstünə rəsm çəkilməsi nəticəsində Bakı metrosuna 4916 manat ziyan dəyib. Məhkəmə də ziyanın iki misli qədər cərimə təyin edib.
Elə hadisə günü – martın 30-da məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırılmalarına baxmayaraq, sonradan eyni əmələ görə onların haqqında cinayət işi başlanıb.