MSK sədri: “Müraciət edənlərdən 950 nəfərin namizədliyi qeydə alınıb”

Seçki. Foto: Reuters

Məzahir Pənahov 18 min 467 yerli müşahidəçinin akkreditasiyadan keçdiyini deyib

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 950 nəfərin namizədliyinin qeydə alındığı bildirilir.

Bu barədə avqustun 5-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov danışıb.

O, seçkidə iştirak üçün 1508 nəfərin müraciət etdiyini, amma onlardan 1462 nəfərin namizədliyinin irəli sürüldüyünü vurğulayıb:

“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420 nəfəri imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

MSK sədri həmçinin deyib ki, işğaldan azad olunmuş ərazilərdə 55 məntəqə yaradılıb:

“Məcburi köçkünlər 574 məntəqədə səs verə biləcəklər. Onların sayı isə 399 min 56 nəfərdir”.

Məzahir Pənahov seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 18 min 467 yerli müşahidəçinin akkreditasiyadan keçdiyini əlavə edib.

Onun sözlərinə görə, müşahidəçilərdən 5588 nəfəri Mərkəzi Seçki Komissiyasında, 12 min 879-u isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib:

“Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 9 beynəlxalq qurumdan və 27 ölkədən 101 nəfər akkreditə olunub”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sentyabrın 1-də keçiriləcək seçkiləri partiyalardan yalnız AXCP boykot edir.

Ana səhifəSiyasətMSK sədri: “Müraciət edənlərdən 950 nəfərin namizədliyi qeydə alınıb”