Zərdüşt Əlizadə
Avropa ilə münasibətləri qaydaya salmaq naminə seçkiöncəsi verilən vədlərin bir hissəsini yerinə yetirilməlidir
İrandakı son prezident seçkisində şərti olaraq islahatçı qanada aid edilən ağayi Pezeşkianın qələbəsi sanki gözlənilməz hadisə kimi təqdim edildi.
Belə təqdimat İran dövlətinə əl verir, çünki “gözlənilməz” seçki qələbəsi belə təəssürat yaradır ki, bu dövlətdə əsas amil xalqın iradəsidir və islam çərçivəsində demokratiya işləyir.
Ola bilər. Lakin başqa bir fərziyyə də var ki, Pezeşkianın seçilməsi həm seçicilərə xeyirdir, həm də hakim ruhani zümrəsinə. Ehtimal edilən səbəbləri arayaq:
1.İranın Qərblə, ilk növbədə İsrail və ABŞ-la ziddiyyətləri zirvə nöqtəsinə çatıb və növbəti yüksəliş mərhələsi yalnız geniş müharibə ola bilər. Dərin siyasi böhran keçirən və yürütdüyü işğalçılıq siyasəti dalana dirənmiş, dünya ictimaiyyətinin və bir çox ənənəvi müttəfiq sayılan dövlətlərin sionizmi açıq tənqidə başlaması ilə üzləşən İsrail İranla geniş müharibəni özü üçün çıxış yolu kimi görür. Təbii ki, İranla təkbətək müharibəni İsrail uda bilməz, buna görə yəhudi rəhbərliyi israr ilə bu müharibəyə ABŞ-ı cəlb etmək istəyir. ABŞ hakimiyyəti İranla müharibəni udacağına əmindir, lakin bu müharibə əsnasında amerikan tərəfinin düçar olacağı itkilər Vaşinqtona ağır siyasi və mənəvi nəticələr gətirə bilər. Unutmayaq ki, Qərbin mizan-tərəzisində bir yəhudinin və ya amerikalının həyatının qiyməti on və hətta yüz müsəlmanın həyatından daha bahadır. Bu fikirlə razılaşmayan Ğəzzadakı (Qəzza) müharibədə tərəflərin itkilərini müqayisə etsin. İran, müharibə başlasa, əlbəttə ki, İsrailə və ABŞ-a ciddi zərər vura bilər, lakin İranın itkiləri qat-qat artıq olacaq.
Yəhudi pərəstişkarı Trampın seçilmə ehtimalının artması İsraili sərtləşməyə sövq edir. İsrail F-35-lərinin Yəmənin Hodeyda limanına endirdiyi ağır zərbələr İsrailin gələcək hərbi əməliyyatlarının müjdəsidir. Yəhudi dövlətinin beynəlxalq hüququ saymayaraq “Ağa Nəzərəm, belə gəzərəm” siyasi xətti hələlik ciddi müqavimətlə rastlaşmır. Ərəb dövlət başçıları Qərbin qarşısında payəndazdırlar, müqavimət göstərən iki dövlət var: Türkiyə və İran. Türkiyənin müqaviməti NATO üzvlüyü ilə məhdudlaşdırılır. İran daha sərbəstdir, lakin onun iqtisadi və hərbi imkanları daha məhduddur.
İran Qərblə münasibətlərindəki sərtləşmənin qarşısını ümumilikdə Qərblə əlaqələrini tənzimləməklə almağa çalışır. Belə tənzimləməni həyata keçirmək üçün dövlətin prezidenti gərək “mühafizəkar” deyil, “islahatçı” olsun.
Avropa ilə münasibətləri qaydaya salmaq naminə Pezeşkian seçki öncəsi verdiyi vədlərinin bir hissəsini yerinə yetirməlidir. Məsələn, hicab məsələsinə görə əhalini hiddətləndirən “əxlaq polisi”ni ya tam ləğv edə bilər, ya da örtük tələblərinin pozulmasına görə tətbiq edilən cərimələri rəmzi həddə endirə bilər. Belə addım atsa, Qərb mətbuatı bunu ciddi islahat kimi qəbul edə bilər. Yaxud, etnik qrupların dillərinin tətbiq dairəsi genişlənə bilər. İstənilən halda, Pezeşkian Qərblə münasibətləri tənzimləmək və qarşıdurmanın hərarətini azaltmaq yolu ilə İranı hədələyən hərbi təcavüzün qarşısını almağa çalışacaq. Məncə, bu, ali dini rəhbərin tapşırığıdır.
2.İran iqtisadiyyatı Qərbin cəza tədbirlərinin ucbatından boğulur, dövlət öz xarici fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətindədir. Həm nüvə proqramının mediadakı aktuallığını azaltmaq, həm də Qərblə əvvəlki razılaşmaya diqqəti artırmaq lazımdır. Belə tapşırığın öhdəsindən yenə “islahatçı” prezident daha yaxşı gələ bilər. Pezeşkian İran iqtisadiyyatının liberallaşması siyasətini aparmağa məhkumdur, əks halda dövlət çökə bilər. İslahatçı mütəxəssislər mühafizəkar prezidentlə deyil, islahatçı prezidentlə işləməyə üstünlük verirlər.
3.Rəhbər ali hakimiyyətin yeni ələ ötürülməsi ərəfəsindədir. İndi İranda “İslam inqilabının keşikçiləri”- pasdarlar böyük qüdrət və nüfuz sahibidirlər. Onlar əməli olaraq İranda paralel dövlət qurublar, öz orduları, öz iqtisadiyyatları, öz kəşfiyyatları, öz xarici siyasətləri var. Nə qədər ki, İmam Xomeyninin bilavasitə silahdaşı və xələfi Seyid Əli Xamneyi hakimiyyətdədir, onlar rəhbərin əlini öpməyə və itaət sərgiləməyə məcburdurlar. Lakin rəhbər, deyilənə görə, öz yerində oğlu ayətullah Müctəbanı görmək istəyir. Ola bilsin ki, buna hətta nail ola biləcək. Fəqət dövlətin indiki quruluşu qalsa, yeni rəhbər pasdarların əlində oyuncağa çevrilə bilər, çünki onda “İmamın xələfi” silahı olmayacaq. Buna yol verməmək üçün indinin özündə elə islahatlar aparmaq lazımdır ki, pasdarlar onlar üçün nəzərdə tutulmuş həcm və vəznə qayıtsınlar. Bu tapşırığı, rəhbərin dəstəyi ilə, Pezeşkian həyata keçirə bilər.
Örnək də var: Azərbaycanda Heydər Əliyev laxlamış və parçalanmış hakimiyyətin təmərküzləşməsi nümunəsini dünyaya əyani tərzdə göstərə bildi. Baxın, öyrənin.
4.Ölkədə etnik azlıqların öz mənliyini qorumaq və öz işlərini idarə etmək istəyi göz görəsi artır. Çox zaman gerçək amillərə deyil, əsatiri təsəvvürlərə söykənən bu istəklər vəzifə və imtiyaz aşiqlərinin beynini qızdırır. Ağır həyat şəraitindən narazı cahil kütlə isə belə qızdırmalı beyin sahiblərinin təbliğatına uymağa maildir. Bunun qarşısını almağın ən səmərəli yolu cəza tədbirlərinin şiddətləndirilməsi deyil, yerli idarəetmənin səlahiyyətlərinin artırılmasıdır. Sovet İttifaqı bu yol ilə getmədiyi üçün dağıldı. Dünya dövlətləri SSRİ-nin məşum təcrübəsini öyrənmişlər. Belə güman etmək olar ki, İranda da alimlər lazımi nəticələr çıxarıblar və dövlət quruluşunun təkmilləşdirilməsi ilə bağlı müəyyən islahat təklifləri hazırlanıb.
Əgər bu ehtimal gerçəyə yaxındırsa, bu, yenə İranın prezidenti vəzifəsinə məhz ağayi Pezeşkianın seçilməsini izah edir.
İran ya islahatlara gedəcək, ya da islami üsul-idarə süqut edəcək.
Pezeşkian islami üsul-idarəni təkmilləşdirib onu xilas edəcək adamdırmı?