125 seçki dairəsi üzrə 6400-dən çox məntəqədə səsvermə olacaq
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində 6 milyon 334 min 444 seçicinin səs verə biləcəyi bildirilir.
Bunu Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün təşkil olunmuş müşavirədə Azərbaycan Prezidentinin köməkçisi Zeynal Nağdəliyev deyib.
Növbədənkənar parlament seçkiləriylə bağlı iyulun 10-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün müşavirə keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Baş prokurorun birinci müavini Elçin Məmmədov, daxili işlər nazirinin müavini Oqtay Kərimov və ədliyyə nazirinin müavini Abiddin Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
MSK sədri Məzahir Pənahov deyib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə 125 seçki dairəsi üzrə 6400-dən çox məntəqədə səsvermə olacaq.
Pənahov işğaldan azad edilmiş və parlament seçkilərinin ilk dəfə keçirildiyi ərazilərdə seçki məntəqələrinin sayının artdığını vurğulayıb.
Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev isə deyib ki, işğaldan azad olunmuş ərazilərdə daha 8 seçki məntəqəsi yaradılıb və onların ümumi sayı 26-ya çatdırılıb.
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.
Prezident İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.