O, hava limanından geri qaytarılıb
Jurnalist Nigar Mübarizin ölkədən çıxışına qadağa qoyulub. O, mayın 3-də səhər saatlarında Amerikaya gedərkən hava limanından buraxılmayıb. Sərhəd xidmətinin əməkdaşları onun çıxışına məhdudiyyət qoyulduğunu bildirərək, geri qaytarıblar.
Nigar Mübariz bildirib ki, təhsillə əlaqədar ABŞ-a getməliydi.
Son 6 ay ərzində Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri həbs olunmaqla yanaşı, xeyli ictimai fəalın, media nümayəndəsinin ölkədən çıxışına qadağa qoyulub. Onların arasında gənc fəallar Elgiz Qəhrəman, Murad Rüstəmbəyli, Sosial Hüquqlar Mərkəzinin əməkdaşları Ayşən Muradova, Qədir Qədirli və başqalarının adları var.
Ölkədən buraxılmayan fəalların əksəriyyətinə ölkədən çıxışlarına Daxili İşlər Nazirliyinin qərarı ilə məhdudiyyət qoyulduğu bildirilib.
Milli Məclisin fəaliyyətini araşdıran “Meclis.info” saytının rəhbəri İmran Əliyev də aprelin 18-də Türkiyəyə gedərkən hava limanında saxlanmış, aeroportdan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdi. Daha sonra İmran Əliyev “AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb və aprelin 19-da Xətai Rayon Məhkəməsində onun haqqında həbs qərarı çıxarılmışdı.
2023-cü ilin noyabrından bu yana media və vətəndaş cəmiyyətinə qarşı cinayət işləri çərçivəsində 20-yə yaxın jurnalist və vətəndaş cəmiyyəti fəalı həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” saytının rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, “Toplum TV” internet televiziyasının təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, kanalın video redaktoru Müşfiq Cabbar, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Şamo Eminov, seçkilərin müşahidəsi və analizi ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, “Meclis.info” saytının rəhbəri İmran Əliyev, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və başqaları var.
Adları çəkilən jurnalist və ictimai fəallar ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilsələr də, hamısına qarşı maliyyə qaçaqmalçılığı ittihamı irəli sürülüb. Onlar xaricdən Azərbaycana qanunsuz yolla pul gətirməkdə ittiham olunurlar.
Lakin jurnalist və fəalların heç biri özlərini təqsirli bilmir, barələrindəki cinayət işlərinin saxta olduğunu, korrupsiya araşdırmalarına, hökuməti tənqid etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.