Onların 72 təşkilatı təmsil etdiyi açıqlanıb
Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini izləmək üçün akkreditasiyadan keçən 790 beynəlxalq müşahidəçinin 72 təşkilatı təmsil etdiyi bildirilir.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT) Baş katibi Can Minlə görüşündə deyib.
M.Pənahov müşahidəçilərin 89 ölkənin vətəndaşı olduğunu vurğulayıb.
Sabahkı seçkiyə görə bu gün Azərbaycanda sükut günüdür.
Seçki qanunverciliyinə əsasən, təşviqat-təbliğat kampaniyası dayandırılıb.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçki də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.