Nik Gugger Bakı Hava Limanından geri qaytarılıb
Fevralın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İsveçrədən olan müşahidəçisi Nik Guggerin Azərbaycana girişinə icazə verilməyib.
Onun Bakı Hava Limanından İsveçrəyə qaytarıldığı bildirilir.
İsveçrə mediasının yazdığına görə, ölkənin xarici işlər naziri İqnazio Kassisə fevralın 3-də Nik Guggerin Azərbaycandan geri qaytarılması haqda məlumat verilib:
“Sürix hava limanında qəhvə içən Nik Gugger: “Orada baş verənlər qalmaqaldır”, – deyir. O, 30 saatdan çox yatmayıb. Gugger Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmi və akkreditə olunmuş seçki müşahidəçisi kimi səfər edib. Onun missiyası Prezident seçkisini müşahidə etmək və insan hüquqlarının pozulması barədə məlumat vermək olub. Gugger bu sahədə təcrübəyə malikdir, o, artıq Rusiya və Moldovada oxşar missiyalarda olub”.
“Lakin o, şənbə gecəsi baş verənləri heç vaxt yaşamayıb. Bakıya enən kimi onu diplomatik girişdə uniformalı polis əməkdaşları saxlayıblar. Pasportunu müsadirə ediblər və ölkəyə girişinə icazə verməyiblər. İsveçrə nümayəndə heyəti də daxil olmaqla, ATƏT-in digər müşahidəçiləri problemsiz buraxılıblar”, – deyə İsveçrə mediası yazıb.
Nik Gugger özü qarşılaşdığı bu durumu “acınacaqlı hal” adlandırıb:
“Azərbaycan rejiminin müşahidəçi missiyasını bu qədər rədd etməsi faktı eskalasiyanın yeni səviyyəsidir. Vəziyyət acınacaqlı idi”.
İsveçrənin Xarici İşlər Nazirliyi Nik Guggerin Azərbaycana buraxılmamasından xəbərdar olduğunu bildirib.
“Qeydiyyatdan keçmiş ATƏT müşahidəçisinin ölkəyə buraxılmaması diplomatik təhqirdir və çox nadir hallarda baş verir. Onun məhz nə üçün ölkəyə buraxılmadığı hələ aydın deyil. Amma bu, onun Avropa Şurasındakı fəaliyyəti ilə bağlı ola bilərdi. Elə ötən həftə Azərbaycan hakimiyyəti Avropa Şurası Parlament Assambleyasından seçki müşahidəçilərini qəbul etməyəcəyini açıqladı. Nik Guggerin ATƏT-də iştirakı ilə yanaşı, həm də Avropa Şurasında seçki müşahidəçisi olduğundan, o, qara siyahıya düşə bilərdi””, – sayt belə yazıb.
Nik Guggerin Qarabağ münaqişəsinə münasibətinə görə ölkəyə buraxılmadığı da vurğulanır:
“Ötən ilin sentyabrında Azərbaycan ordusu tanınmamış “Dağlıq Qarabağ” respublikasını zəbt edərək 100 mindən çox xristian ermənini qovub. Nik Gugger zorakılığa açıq şəkildə etirazını bildirib və Azərbaycan səfirinə də öz tənqidlərini göndərib”.
“Mən illərdir ki, sülh üçün kampaniya aparıram və körpülər qurmağa çalışıram”, – Nik Gugger isə belə deyib.
“Bakıdakı rejimin indi onun ölkədən çıxışına qadağa qoyması məyus edir və Azərbaycanın hələ də konstitusiya dövlətindən uzaq olduğunu göstərir”, – deyə sayt XİN-in münasibətini təqdim edir.
Məlumatda həmçinin qeyd olunur ki, Britaniyanın “Economist” jurnalının demokratiya indeksində Azərbaycan 167 ölkə arasında 134-cü yerdədir.
ATƏT/DTİHB Parlamentarilər üzrə məsul əməkdaşı İvana Stanojevin köməkçisi Günel İsakova Meydan TV-yə Nik Guggerin Azərbaycana buraxılmadığından xəbərdar olduğunu deyib:
“Bizim müvafiq şöbələrimiz bu məsələni hələ araşdırır”.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçki də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.