“Təkzib tələbim təmin olunmayıb“
Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı onu gözdən salmaq məqsədilə hökumətin maliyyələşdirdiyi yerli mediada gedən kompromat materillarla bağlı məhkəməyə üz tutacaq.
Bu barədə jurnalist yeni bəyanat yayıb.
O, yanvarın 9-da daha bir bəyanat yayaraq bildirmişdi ki, barəsində yerli mediada gedən məlumatlarla bağlı təkzib verilsin. Jurnalist bildirirdi ki, təkzib olmasa, həmin KİV-ə qarşı diffamasiya üzrə iddia qaldıracaq.
“Təkzib tələbim təmin olunmayıb və mən mənəvi ziyana görə təzminat tələbilə həmin KİV barəsində mülki iddialar qaldıracağam”.
Jurnalistin bildirməsinə görə, onunla bağlı doğru olmayan məlumatlar “qafqazinfo.az”, “ikisahil.az” saytlarında, ATV telekanalı və digər KİV-də yayımlanıb.
Həmin məlumatlarda bildirilib ki, Hafiz Babalı “qrant layihələri çərçivəsində xarici fondlarla əlaqə yaradıb, onların tapşırığı ilə araşdırmalar aparıb, məqalələr hazırlayıb”.
Məqalələrdə bir neçə Amerika və Avropa təşkilatının adı çəkilib.
“Sözügedən xarici qurumlarla birbaşa və ya dolayısı ilə əlaqəm olmayıb. Beynəlxalq və yerli təşkilatlardan və ya özəl şəxslərdən göstəriş almamışam, deyildiyi kimi “sifarişli” araşdırmalar aparmamışam. Mənə qarşı hər hansı araşdırmamla bağlı məhkəmə iddiası qaldırılmayıb, təkzib tələbi olmayıb”, – Hafiz Babalı bildirib.
Son zamanlar hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan “AbzasMedia”, o cümlədən müstəqil jurnalistlərlə bağlı kompromat xarakterli materiallar dərc edilib. Həmin materiallarda Hafiz Babalının da adı hallanıb.
Son iki ayda Azərbaycanda 10-dək jurnalist həbsə atılıb. Hafiz Babalı onlardan biridir. Onların böyük əksəriyyəti “qaçaqmalçılıq”da ittiham edilir. Özləri isə həbslərini sırf peşə fəaliyyətləri ilə bağlı olduğunu söyləyirlər.
Azərbaycanda hakimiyyət nümayəndələri daim açıqlamalarında ölkədə mediaya, azad sözə basqı olmadığını, həbs edilən jurnalistlərin sırf konkret cinayətlərə görə cəzalandırıldığını açıqlayıblar.