O, hər məntəqəyə orta hesabla üç müşahidəçinin düşdüyünü deyib
7 fevral növbədənkənar Prezident seçkiləri ilə bağlı indiyədək 17 min 500-dən çox müşahidəçinin qeydiyyatdan keçdiyi bildirilir.
Bu barədə yanvarın 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yerli jurnalistlərə deyib.
Onun sözlərinə görə, təxminən 6300 seçki məntəqəsinin olacağını nəzərə alsaq, hər məntəqəyə orta hesabla üç müşahidəçi düşür:
“Müşahidəçilərin çox olmasını alqışlayırıq. Arzu edirik ki, həmin müşahidəçilər işğaldan azad edilmiş bölgələrdə də seçki prosesini izləsinlər”.
O, işğaldan azad olunan ərazilərdəki 26 seçki məntəqəsində müşahidə aparmağın sərbəst olduğunu vurğulayıb:
“Beynəlxalq müşahidəçilər həmin məntəqələrə gedib proseslə tanış ola bilərlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu artıq beynəlxalq müşahidəçi kimi fəaliyyət göstərir. Onlar uzunmüddətli müşahidəçiləri artıq yerlərə göndəriblər. Bu müşahidəçilər kifayət sayda dairələrdə olublar. Çalışırıq ki, onlarla əməkdaşlığımızı konstruktiv əsaslarla quraq”.
MSK sədri deyib ki, KİV həmişə müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atmalıdır:
“Əgər tərəflər həmin iradlardan nəticə çıxarmırsa, ondan sonra məsələni işıqlandırmaq lazımdır. Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik”.
Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.
Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.
Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.
AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər də növbədənkənar olub.
İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.