“Həsənlinin həbsi, “AbzasMedia”nın ofisində axtarış ifadə azadlığı hüququna, müstəqil mediaya qarşı təqibdir”
Ülvi Həsənlinin saxlanılması, “AbzasMedia”nın ofisində axtarış aparılması Azərbaycanda ifadə azadlığı hüququna, o cümlədən müstəqil mediaya qarşı təqibdir.
Müdafiəçi Hüquq Mərkəzinin Ülvi Həsənlinin saxlanılması ilə bağlı yaydığı bəyanatda belə deyilir.
“AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-i səhər saatlarından xəbər kəsilib. Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.
Noyabrın 20-də gün ərzində “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində axtarış aparılıb. Hələlik onun hansı səbəblə həbs edilməsi barədə məlumat verilməyib. Vəkili Zibeydə Sadıqova Bakı Şəhər Baş Polis İdarəsinə gedib və müvəkkilinin həbsinin səbəbini araşdıracağını bildirib.
Müdafiəçi Hüquq Mərkəzi hesab edir ki, Azərbaycan hökumətinin təqib siyasəti mövcud konstitusion hüquqi çərçivəyə və Azərbaycan Respublikasının insan hüquqlarına dair götürdüyü beynəlxalq hüquqi öhdəliklərə ziddir. Bu səbəbdən də hökumət bu təqibləri dayandırmalıdır:
“Ölkədə siyasi müxalifətə, tənqidçi vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı aparılan siyasi motivli təqib kampaniyasına, o cümlədən bu çərçivədə həyata keçirilən cinayət işlərinə və digər hüquqi məhdudiyyət tədbirlərinə dair Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqlarının Konvensiyasının qeyri-legitim, siyasi motivli hüquq məhdudiyyətlərini qadağan edən 18-ci maddəsi üzrə Azərbaycana qarşı 11 hüquq pozuntusu qərarı qəbul edilib. Hazırda həmin qərarların icrası Avropa Şurası Nazirlər Komitəsinin nəzarətindədir. Azərbaycan Hökumətinin həmin hüquq pozuntusu qərarlarının icrası üzrə həyata keçirməli olduğu ümumi tədbirlərdən biri də siyasi motivli təqib kampaniyalarını təkrarlayır”.
Təşkilat Azərbaycan hökumətinə çağırış edir ki, Ülvi Həsənli və “AbzasMedia”nın timsalında siyasi motivli təqibləri dayandırsın:
“Ülvi Həsənli ilə “AbzasMedia” barəsində aktual və potensial cinayət prosessual addımlardan çəkinilməlidir. Həmçinin, beynəlxalq publik təşkilatları və beynəlxalq qeyri-hökumət təşkilatlarını Azərbaycanda yenidən canlanmağa başlayan siyasi motivli təqib kampaniyasını ciddi nəzarətə götürməyə dəvət edirik”, qurum bəyanatında bildirir.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova bildirib ki, ofisdə beş saat davam edən axtarış zamanı polis əməkdaşları 40 min avro pul “aşkarlayıblar”.
“AbzasMedia” isə açıqlama yayaraq bildirib ki, ofisdə aşkarlandığı iddia edilən vəsait onlara aid deyil və istintaq orqanlarının məqsədli şəkildə fəaliyyətlərini dayandırmaq, Ülvi Həsənliyə qarşı ittiham irəli sürmək üçün uydurduğu ssenaridir.
Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat almaq mümkün olmayıb.
“Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurumu Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.