Görüşdə Rusiya sülhməramlılarının nümayəndəsi də iştirak edib
Sentyabrın 25-də Xocalıda Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüş başa çatıb.
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası (PA) məlumat yayıb.
Təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun bildirdiyinə görə, erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya səfərləri təşkil edilə bilər.
Bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
R.Məmmədov deyib ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar:
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib”.
Həmçinin Prezident Administrasiyasının (PA) məlumatında Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətlərinin Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilməsi təklif olunduğu bildirilib:
“Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub. Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb”.
PA görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edildiyini də əlavə edib.
Görüşdə Rusiya sülhməramlılarının nümayəndəsi də iştirak edib.
Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə ilk görüş sentyabrın 21-də Yevlax şəhərində baş tutmuşdu.