Fidan Əliyeva “Telegram”da tanış olduğu şəxsə görə təqsirləndirilir
Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrından başlayan və 138 gün davam edən etiraz aksiyasında iştirak etmiş gənc könüllülərdən biri – 2003-cü il təvəllüdlü Fidan Əliyeva sonradan dövlətə xəyanət ittihamıyla həbs olunub. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşına casusluqda ittiham olunan Fidan Əliyevanın işinə hakim Əli Məmmədovun sədrliyilə baxılır.
İttihama görə, Fidan Əliyeva Ermənistanın xüsusi xidmət orqanının əməkdaşıyla internet vasitəsiylə tanış olub, ona müxtəlif məlumatlar, foto və videolar göndərib.
Lakin Fidan Əliyeva özünü təqsirli bilmir. Ermənistana casusluq ittihamıyla razılaşmadığını vurğulayan Fidan Əliyeva bildirib ki, həmin şəxslə “Telegram”da tanış olub. Tanış olarkən də həmin şəxsin erməni yox, Rusiya vətəndaşı olduğunu bilib. Onun sözlərinə görə, özünü elə təqdim etmişdi.
Fidan Əliyeva əlavə edib ki, tanış olmaqda məqsədi Azərbaycan haqda məlumat vermək yox, insan kimi ünsiyyət qurmaq olub.
Hakimlər kollegiyası Fidan Əliyevanın məhkəməsinin qapalı keçirilməsinə qərar verib.
Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 12 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.