“Çinar ağacının kölgəsində” filmi bu dəfə Mexikoda nümayiş etdiriləcək
Azərbaycanın sənədli filmi MEXICO SHORTS – Meksika Beynəlxalq Qısa Filmlər Festivalında nümayiş ediləcək.
Jurnalist Aynur Elgünəşin ilk dəfə rejissorluğunu etdiyi “Çinar ağacının kölgəsində” (“Shadowed by the plane tree”) ekran işi festivalın sənədli film proqramına daxil edilib.
SHORTS MEXICO Latın Amerikasının ən böyük beynəlxalq qısametrajlı film festivalıdır.
Festival kinoda yaradıcı ifadəni, səslərin müxtəlifliyini, orijinal və innovativ baxışları, bütün dünya kinorejissorlarının cəsarətli keyfiyyətli filmlərini təbliğ edir.
Sentyabrın 1-dən başlayan festival bu ayın 30-dək Mexiko şəhərində keçiriləcək.
“Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film rejissorun şəxsi hekayəsidir.
Müəllif Aynur Elgünəş yeniyetməykən köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar altında qalmış xatirələrinə səyahət edir.
On səkkiz dəqiqəlik filmin prodüsseri jurnalist və rejissor Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.
Filmin premyerası 2022-ci ildə Sarayevo Film Festivalında olub.