İqtisadçının dərs dediyi universitetin kollektivi onun müdafiəsinə qalxıb
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) həbsdə olan Qubad İbadoğlu ilə bağlı açıqlama yayıb.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Beynəlxalq Münasibətlər Departamenti, bütün Beynəlxalq London İqtisadiyyat Məktəbi ilə yanaşı, doktor Qubad İbadoğlunun həbsindən dərin narahatlığını ifadə edib:
“Doktor İbadoğlu yaxşı idarəçilik, şəffaflıq və akademik ciddiliyə sadiqliyi ilə beynəlxalq aləmdə tanınır. O, Departamentdə baş qonaq kimi LSE-nin akademik cəmiyyətinin çox hörmətli üzvüdür.
Biz onun həbsi zamanı və ondan sonra zorakılıq halları ilə bağlı xəbərlərdən xüsusilə narahatıq və həmçinin onun təcili olaraq dərmanlara çıxışa ehtiyacı olduğunu bilirik”.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Azərbaycan hakimiyyətinə Qubad İbadoğlunu azad etməyə çağırıb:
“Biz Azərbaycan hakimiyyətini konstitusiyaya və beynəlxalq öhdəliklərə sadiq olduqlarını nümayiş etdirərək, doktor İbadoğlunu dərhal azad etməyə çağırırıq. Daha sonra İbadoğlunun səhhətinin monitorinq edildiyini və onun dərmanlara tam çıxışı olduğunu tez bir zamanda təsdiqlənməsini istəyirik”.
“Akademik azadlığı və söz azadlığını dəstəkləyən hər kəsi doktor İbadoğlunun sağ-salamat azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətindən bu təcili tələbə qoşulmağa çağırırıq”,-deyə açıqlamada qeyd olunub.
İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.
Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.