Səfirlik Azərbaycan hökumətinə çağırış edib
ABŞ-ın Azərbaycandakı səfirliyi iqtisadçı, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsinə reaksiya verib.
Səfirlik bildirir ki, onlar hörmətli, beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun iyulun 23-dəki həbsini yaxından izləyirlər.
Həmçinin açıqlamada qeyd edilir ki, Azərbaycanın öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun əsas azadlıqlarını və insan hüquqlarını konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq müdafiə etməsi çox vacibdir:
“Biz Azərbaycan hökumətini Qubad İbadoğlunun dərman vasitələrinin təminatı və ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmasına təmin etməyə çağırırıq”.
İyulun 23-də saxlanılan iqtisadçı Qubad İbadoğlu haqda Nərimanov Rayon Məhkəməsi bir gün sonra 3 ay 26 gün qətimkan tədbiri seçib.
Qubad İbadoğluya qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Adları bir gün əvvəl Türkiyə mediasında “FETÖ” (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikə) maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir. Onlar iyulun 23-də məhkəmə qarşısına çıxarılıb və hər biri barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
İyulun 25-də Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb, professor Cəmil Həsənli komitənin sədri seçilib.