İctimai fəal Lətif Məmmədov sərbəst buraxılıb.
Bu barədə fəalın yaxınları sosial şəbəkədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Lətif Məmmədov polis zorakılığına məruz qalıb, döyülüb.
Ancaq onun özü saxlanıldığı zaman təzyiqə məruz qalıb-qalmaması haqda suallara cavab verməyib.
Meydan TV Lətif Məmmədovun anası Afa Məmmədova ilə əlaqə saxlayıb.
O, hazırda Nəsimi rayonunun 20-ci Polis Bölməsində olduğunu və oğluna yemək apardığını bildirib.
Mülki şəxslər Lətif Məmmədovu evindən aparıblar
İctimai fəal Lətif Məmmədovun iyulun 11-dən 12-nə keçən gecə evindən aparıldığı deyilir.
Yaxınları Lətif Məmmədovun Prezident İlham Əliyevin 11 iyul müşavirəsində Söyüdlü kəndində etirazlara münasibətini sərgiləyən çıxışı haqda kəskin şərh payalaşdığını qeyd ediblər.
Onun şərhi paylaşandıqdan sonra yaşadığı mənzildən aparıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin müvəqqəgti rəisi Elşad Hacıyev məlumat olacağı təqdirdə yayacaqlarını bildirib.
Lətif Məmmədov Söyüdlü kəndindəki etirazlara münasibətini ifadə edənlər arasında üçüncü şəxsdir ki, həbs edilir.
Ona qədər sabiq deputat Nazim Bəydəmirli, Qiyas İbrahimov və Elmir Abbasov həbs olunmuşdu. Sonuncu dünən inzibati həbs müddəti bitdiyi üçün buraxılıb.
Prezident İlham Əliyev hadisələrdən 20 gün sonra Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazlara reaksiya verib.
Dövlət başçısı iyulun 11-də cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb.
İlham Əliyev Gədəbəy rayonundakı hadisəni “tamamilə qəbuledilməz” adlandırıb:
“Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
Vətəndaşların bir hissəsinin polisə daş atmasını ədəbsizlik və qanunsuzluq adlandıran Əliyev Azərbaycan polisinin dözümlülük göstərdiyini, özünü ləyaqətlə apardığını bildirmişdi.
Söyüdlü hadisələri
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.
Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.
Həbslər və təzyiqlər…
Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.
Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.
Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.
İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun.