Hərbi Prokurorluq hərbçinin özünü güllə ilə vurduğunu deyir
Azərbaycan sərhədçisinin intihar etdiyi bildirilir.
Bu barədə Meydan TV-yə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Onun sözlərinnə görə, Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Bəkiyevin silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub.
Artıq Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşlarının hadisə yerinə və meyitə baxış keçirdiyi, eləcə də digər hərəkətlərin icra edildiyi qeyd olunub.
F.Əliyev fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıldığını və şahidlərin dindirildiyini, müvafiq ekspertizalar təyin edildiyini, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirildiyini vurğulayıb.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə o əlavə edib.
Meydan TV-in əldə etdiyi məlumata əsasən 2002-ci il təvəlüdlü Kənan Bəkiyev Nərimanov rayon sakinidir.
K.Bəkiyevin yaxınları ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadığından onun hansı səbəbdən intihar etdiyi məlum olmayıb.