Etirazlar, eşidilməyən səslər, həbslər…
“Körpələrimiz xəstə böyüməsin deyə etiraz edirik. Necə ki qızılı özləri taxırlar, zəhəri də özləri içsinlər. Nə bizi, nə heyvanlarımızı o sionid ilə məhv etməsinlər”, – bunu Meydan TV-yə Gədəbəyin Söyüdlü sakini, adını işgəncə görmək ehtimalına görə anonim saxlayan qadın deyir.
Etiraz qığılcımı
Gədəbəy rayonunun Söyüdlü kəndi Bakıdan 450 kilometr qərbdə, dağlıq ərazidə yerləşir. Kəndin əhalisi təxminən 4 min nəfərdir. Söyüdlü sakinləri uzun müddətdir Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasından narazıdır və bu ilin əvvəlindən mütəmadi olaraq səslərini hökümətə çatdırmaq üçün gah medialara üz tutur, gah da hökümət idarələrinin qapılarını döyürlər. Sakinlərin sözlərinə görə, mövcud gölə axıdılan bu tullantılar ekologiyaya ciddi zərər vurur. “Yeni yaradılması nəzərdə tutulan göl isə həm kəndin örüş yeri olan ərazisində salınır, həm də ekoloji vəziyyəti daha da ağırlaşdıracaq”, – deyə sakinlər giley-güzar edir.
Söyüdlü kəndinin sakinləri bundan əvvəl də eyni şikayətləri dilə gətirmişdilər. Onlar deyirdilər ki, qızıl mədəninin tullantılarından yaranan göl 2012-ci ildə kəndin yaxınlığında salınıb.
“Bundan sonra arı təsərrüfatları dağılıb, qoyun-quzu tələf olub. Gölün suyunun içməli sulara qarışacağından və nəticədə ölüm-itim artacağından çox qorxuruq”,- deyən kənd camaatı bu ilin iyunun 20-də dərdlərini dilə gətirmək üçün küçəyə çıxıblar. Amma küçəyə etiraz üçün çıxmaları nəinki onlara, bir çox şəxsə ağır başa gəlib. Etirazın hələ kiçik qığılcımları bəzilərinin gözünü yandırmağa başlayıb, bəzi evlərə kədər yanğısı gətirib.
Sakinlər qorxur…
Etiraz aksiyası baş tutan gün və onun səhərisi sakinlər öz dərdlərini rahat şəkildə açıb deyə bilirdi.
Söyüdlü kənd sakini Gülnarə Mustafayevanın sözlərinə görə, yazın əvvəlindən indiyə qədər 20-yə yaxın kəndli ağciyər xərçəngindən ölüb:
“Araşdırın, bir dənə quş sianid turşusunun qalıqları tökülən süni gölün üstündə hərlənən kimi o dəqiqə gölə düşür. Ölənlərin hamısı da ağciyər xəstəliyindən ölür, şəxsən mənim atam ağciyərindən vəfat edib”, – Mustafayeva “Amerikanın Səsi”nin müxbirinə bildirib.
Kənd sakini Qətibə Alıyeva isə bildirib ki, ekologiyanın pozulması nəticəsində kənd sakinləri xərçəng xəstəliyinə tutulub:
“Uşaqlar da xəstə doğulur, müalicə etməyə imkanımız yoxdur. Bizim bütün ağaclarımız quruyub, biz havadan zəhər uduruq. Hamısı da o gölün zəhəridir. Bu gölün bizə xeyri yoxdursa, zəhəri nəyimizə lazımdır?”.
Rəsmi qurumlar hələ ki bununla bağlı statistika açıqlamasa da, xərçəng xəstəliyinin yayılmasını inkar edir.
Polisdən etiraza gözyaşardıcı reaksiya
İyunun 20-də gölün kənarından keçirilən etiraz aktı zamanı polis ilə kənd camaatı arasında qarşıdurma yaranıb. Sosial şəbəkələrdə qısa müddətdə viral olan videolarda polisin kənd sakinlərinə qarşı davranışı müzakirələrə səbəb olub. Videoların birində polisin orta yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə etməsi isə balacadan-böyüyə bir çox insanın qəzəbinə tuş gəlib.
“Biz sadəcə etiraz edirdik ki, ölməyək. Gəlib aksiyanı dağıtmaq istəyən polisə qarşı da yalnız narazılığımızı dedik, müqavimət göstərmədən hərəkət edirdik. Onlar isə yaşlı-cavan bilmədən hamıya zorakılıq göstərməyə var-gücü ilə davam etdi”, – deyə Meydan TV-yə danışan kənd sakini deyir.
Aksiyanın ilk günü 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub. Həbs qərarlarını Gədəbəy Rayon Məhkəməsinin hakimi Füzuli Mirzəquliyev çıxarıb. Meydan TV-nin məhkəmədən əldə etdiyi məlumata görə, saxlanılanlardan ikisi icazəsiz aksiyanın təşkilində, üçü isə bu aksiyada iştirakda ittiham olunur. Beş nəfərin məhkəməsi ayrı-ayrılıqda keçirilsə də, hamısına eyni hakim baxıb. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. 1 nəfər 1500 manat cərimələnib. Bununla yanaşı cərimələnənlərin daha çox olduğu istisna edilmir.
Sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırılıb. Söyüdlü kəndində iyunun 20-də və 21-də keçirilən etiraz aksiyalarına görə Rusiya vətəndaşı olan Etibar Cabbarov da həbs olunub. O, etiraz aksiyasının təşkilində ittiham olunur. Etibar Cabbarovun “Whatsapp”da Söyüdlü sakinlərindən ibarət qrup yaratdığı iddia olunur. İddiaya görə, qrupda 400 nəfərdən çox adam olub. Etibar Cabbarovun Söyüdlü etirazlarından bir neçə gün əvvəl Rusiyadan Azərbaycana gəldiyi bildirilir. Lakin Söyüdlü sakinləri Meydan TV-yə bildirib ki, bu hadisələrdə adı hallanan Etibar Cabbarov və Afiq Allahverdiyev (o da Rusiya vətəndaşıdır) Gədəbəyə yas mərasimində iştirak etmək üçün gəlib. Sakinlər onu da əlavə edib ki, sözügedən “Whatsapp” qrupu pandemiya dövründə yaradılıb.
“Biz o qrupda müzakirə aparıb, xeyir-şər işlərində bir-birimizə yardım eləyirdik. O qrup bu məsələyə görə yaradılmayıb”, – Söyüdlü sakinləri Meydan TV-yə belə deyib. Saxlanılan şəxslərin Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında “bandotdel” deyilir) gətirilməsi, onlardan işgəncə altında etiraz aksiyasının kənar qüvvələr tərəfindən təşkil olunması haqda ifadələr almağa cəhd göstərilməsi haqda məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyindən yaydığı məlumatda isə bildirib ki, Gədəbəyin Söyüdlü kəndindəki aksiya zamanı polis “emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib” və bu əmələ hüquqi qiymət veriləcək. Lakin polisin işdən çıxarılacağına nə kənd sakinlərinin, nə də müstəqil fəalların ümidi var idi. DİN işgəncə faktlarını isə inkar edir, cərimələr barədə hələ ki fikir bildirmir. Qurumdan yalnız onu bildiriblər ki, qadınların gözünə bibər qazı vuran polislə bağlı təşkilati-praktiki tədbirlər görülür.
Etiraz plakatları
Etirazçıların əllərində tutduğu, kağıza yazılan şüarlar barədə də müxtəlif dedi-qodular gəzdi. Belə ki, plakatların gah başqa ölkələrin əli ilə düzəldiyi, gah da başqa yer də düzəldilib rayona gətirildiyi söyləntiləri viral oldu. Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyası zamanı qaldırdıqları plakatları hazırlayan şəxsin həbs olunduğu bildirilir. Söhbət Gədəbəy rayon sakini Habil İsmayılovdan gedir. TV-nin əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama maddəsilə ittiham irəli sürülüb. Habil İsmayılov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Habil İsmayılovun tutulması haqda bildirilib ki, məsələ araşdırılacaq və məlumat veriləcək.
Bu arada plakatlarda “Gələcək nəsil xəstə böyüyür”, “Gədəbəy, Şəmkir, Tovuz, Qazax, Gəncə, Goranboy, hətta Bakı təhlükə altındadır”, “Təbiətin səsi çıxmır, çünki təbiət ölür”, “Təbii sual zəhərlənir”, “Kür çayı zəhərlənir”, “50 yaşında insanlar ağciyər xəstəliyindən qırılır” kimi şüarlar öz əksini tapıb.
Həbslər kəndin sərhədində bitmir
Söyüdlü hadisələrinə görə həbs edildiyi iddia edilən şəxslər təkcə kənd sakinləri deyildi. Sosial şəbəkələrdə Söyüdlü hadisələrinə fikir bildirən ictimai fəalların da fərqli səbəblər ilə ardıcıl şəkildə inzibati həbs aldıqları müşahidə edildi. NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov Söyüdlüdə baş verən etiraz aksiyasında polisin hərəkətlərinə facebook-da reaksiya bildirib və polisi “əxlaqsız” adlandırıb. Paylaşımından bir müddət sonra, iyunun 22-də fəal 20 sutka inzibati qaydada həbs olunub. Abbasova qarşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq ) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə protokol tərtib olunub. O, Sumqayıtda küçədə söyüş söyməkdə və polisin əmrinə tabe olmamaqda ittiham edilir. Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə Abbasov bunu təkzib edib, elə NİDA Vətəndaş Hərəkatı da onun həbsini Söyüdlü hadisələri ilə əlaqələndirib.
Növbəti həbs hədəfi isə heykəl məhbusu kimi tanınan ictimai fəal Qiyas İbrahimov olub. O da Gədəbəydə baş verənlər barədə paylaşım edib. İbrahimov İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələri ilə ittiham edilərək 32 günlük azadlığı əlindən alınıb. Fəalın anası Şura Əmiraslanova Meydan TV-ə “Onlar Qiyasdan yazdığı statusu silməyi tələb edib. O isə silməyəcəyini və onlara telefonu verməyəcəyini deyib. Ondan sonra Qiyası apardılar”, deyə bildirib. Anası fəalın həbsinə etiraz olaraq 3 gün aclıq etdiyini və səhəttindəki problemdən sonra aclığı dayandırdığını deyib.
Keçmiş deputat Nazim Bəydəmirlinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində iyulun 4-də saxlandığı bildirilir. O, səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlandığı iddia olunur. Nərimanov Rayon Məhkəməsi keçmiş deputatla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddə ilə onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Söyüdlüyə dəstəyin daşı ağır olub
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ), Müsavat və Demokratiya və Rifah partiyaları Gədəbəyin Söyüdlü kəndindəki etirazlarla bağlı bəyanat yayıblar. Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası (DQMŞ) Gədəbəyin hakim rejimin yaratdığı ekoloji terrorla üz-üzə qaldığını bəyan edib.Bildirilir ki, hakim ailəyə məxsus Gədəbəy qızıl yataqlarının istismarı zamanı köhnəlmiş və ucuz texnologiyaların tətbiqi nəticəsində əmələ gələn külli miqdarda sianid tullantıları Söyüdlü kəndində yaradılmış suni gölə axıdılır.
Müsavat Partiyası hadisəni Azərbaycanda avtoritarizmin dərinləşməsi və ağır cinayət kimi qiymətləndirib. Partiya polisin yaşlı qadınlara, o cümlədən uşağını xidmətdə itirən anaya qarşı hücumunu qınayıb.
Demokratiya və Rifah Partiyası (ADR) isə yaşlı qadınlara qarşı bibər qazından, rezin dəyənəkdən istifadə olunmasını ölkənin hüquq mühafizə sistemindəki mövcud vəziyyəti və dolayısı ilə siyası rejimin mahiyyətini ifadə etdiyini bildirib. ADR hakimiyyətdən Gədəbəydə, Söyüdlü kəndində təbiətin sianid turşusu ilə zəhərlənməsinin dərhal dayandırılmasını, əhaliyə qarşı vandal hərəkətlərə yol vermiş polislərin cəzalandırılmasını, kəndin blokadadan çıxarılmasını, cərimə və inzibati həbsə məruz qalan kənd sakinlərinin azad edilməsini tələb edir.
İctimai, siyasi fəallar bu məsələləri sosial şəbəkələrdə gündəmdə saxlamağ davam edib. Lakin fəallar, eləcə də partiya üzvləri arasında paylaşımlarına görə təhdid edilənlər, yaxud da polis bölməsinə dəvət edilənlər var.
İyunun 23-də səfirlikdə ABŞ-ın Müstəqillik Günü münasibətilə tədbirdə iştirak edən ictimai fəallar kürsüdə çıxışlar zamanı boğazlarında çəkilmiş qara əl şəkillərini nümayiş etdiriblər. Onlar bu aksiya ilə Gədəbəyin Söyüdlü kəndində baş verənlərə – orada insanlara qarşı polis zorakılığına, yerli sakinlərin, ardınca da ictimai fəalların həbsinə, hökümətin və müxalifətin bir qisminin susqunluğuna etiraz ediblər. Aksiya edən ictimai fəalları səfirliyin mühafizəçiləri çıxarıb. Onlar səfirliyin qarşısında polislərə təhvil veriliblər. Daha sonra fəallar 21-ci polis bölməsinə aparılıblar. Adları çəkilən ictimai fəallarla yanaşı, aksiyanı çəkən “Abzas” saytının rəhbəri Ülvi Həsənli də saxlanılaraq polis bölməsinə aparılıb.
“Ecofront” təşkilatının əməkdaşı Kənan Xəlilzadə Söyüdlü mədəninin tullantı suları anbarında canlı yayım edərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Canlı yayım internet bağlantısı itdiyi üçün kəsilib, onunla da profilaktik söhbətlər aparıldığı qeyd edilib.
İyulun 2-si Bakıda bir qrup adam aksiya keçirib. Onlar bildiriblər ki, Gədəbəyin Söyüdlü kəndində polisin sakinlərə etdiyi zorakılıq və həbslərə etiraz edirlər. Paytaxın Fəvvarələr meydanında keçirilən bu aksiyaya isə polis müdaxiləsi olmayıb.
Jurnalistlərə davranış
Aksiyanı işıqlandıran müstəqil jurnalistlər də kənd ərazisində təzyiqlər gördüyünü deyir.
Söyüdlü aksiyalarını mütəmadi işıqlandıran reportyor Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Lənkəran Rayon Şöbəsinə çağırıldığını bildirib və onun möhlətinin olmasına baxmayaraq hərbi xidmətə aparılmalı olduğu deyilib. Bu hadisədən bir qədər sonra Şamilzadə polis bölməsinə də aparılıb və orada bu hadisələrə görə dindirilib.
İyunun 22-də səhər jurnalistlər Nərgiz Absalamova, Nigar Mübariz və Elsevər Muradzadəni Söyüdlü kəndinə polislər buraxmayıblar. “Alternativ yollarla kəndə girmişdik. Bir az öncə polis tərəfindən zorla Gədəbəydən çıxarıldıq. Nərgiz ilə Nigarın telefonu əlindən alındı və fiziki zorakılığa məruz qaldılar. Polis rəisi bildirdi ki, ancaq icazəli media kənddə qala bilər”, Elsevər Muradzadə mətbuata bu haqda çıxışında deyib. DİN bu məlumatı da təkzib edib.
Daha sonra kənd ərazisində çəkilən edən jurnalist Fərid İsmayılov da yerli icra orqanları və polis maneəsi ilə üzləşdiyini dilə gətirib.
Ümumiyyətlə, rayondan reportaj hazırlamaq müstəqil jurnalistlərə maneəsiz başa gəlməyib.
Parlamentdə isə etirazlarda xarici nəfəs axtarılır
Azərbaycan Milli Məclisinin deputatları hadisələri təxribat kimi qiymətləndirir.
Deputat Tural Gəncəliyev bir həftə öncə Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın davamı kimi Söyüdlü etirazının baş verdiyi qənaətinə gəlib. “Biz Avropa Şurası Parlament Assambleyasında erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə edirdik. Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər”, deyə deputat iddia irəli sürüb, lakin bu iddialar hər hansı şəkildə əsaslandırılmayıb. Ermənistanın bu məsələ ilə bağlı görünən tək reaksiyası isə medialarında məlumat vermək ibarət olub.
Deputat Elman Nəsirov sözügedən olayın planlı hazırlandığını deyib. O, “heç nə birdən-birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur”, deyib. Onun dedikləri də təsdiqini tapmayıb, adı çəkilən şəxslər və etirazçılar bu deyilənləri təkzib edib.
Yeri gəlmişkən, hökümətyönümlü medialar da bu məlumatları fərqli şəkildə tirajlayır. Həmin mediaların bir neçəsi iddia edir ki, Gədəbəy hadisələrinin arxasında Qərb, ABŞ dayanıb. Həmçinin bu etirazların təşkilində Rusiyanın adını çəkən media orqanları da var.Bəzi media orqanları isə etirazları keçmiş icra başçısı və siyasi məhbus Saleh Rüstəmovun maliyyələşdirdiyini qeyd edir. Hadisələrin arxasında müxalif nümayəndələrinin olduğu iddialar da var.
Lakin kənd sakinləri bunu təkzib edir. Həmin iddialar da hələlik hər hansı şəkildə öz təsdiqini tapmayıb.
Hökümət nə etdi
Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradıldığı açıqlanıb. Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin və mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri ilə bağlı bildirib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.
Lakin ekofəallar bu komissiyada müstəqil ekspertlərin olmamasından narazıdır və bunun durumun yanlış qiymətləndirəcəyindən narahatdırlar.
Kənd sakini Güləsər Alıyeva BBC-yə deyib ki, onlar aksiyadan öncə rayon icra başçısının qəbuluna getsələr də, onunla görüşə bilməyiblər.
“Biz polisə də, icra hakimiyyətinə də getmişik, saatlarla icra başçısını gözləmişik. İcra nümayəndəsi bizə deyib ki, başçı tədbirdədir. Yağış yağıb, gecəyə kimi suyun içində gözləmişik. Gecə bizi zorla göndəriblər ki, çıxın, gedin. Qızılı yeyən, zəhərini də aparsın, ya qapısına doldursun, nə edir, etsin. Nə qızılını istəyirik, nə də zəhərini”, deyən sakinin timasılında Söyüdlü əhalisinin böyük hissəsi onlara yardım ediləcəyindən ümidli deyil.
“Hökumət komissiyası sianid turşusunun qalıqlarının töküldüyü gölün sahilində çadır qurub bir neçə həftə yaşamalıdır ki, onların problemlərini görə bilsin”, – sakinlər deyir.
Gədəbəy rayon icra başçısı Orxan Mürsəlov jurnalistlərə bildirib ki, kənd ərazisində ikinci göl inşa olunmur. Mürsəlov hazırkı göldə toplanan tullantılara görə kənddə xəstəliklərin yayılması ilə bağlı səslənən iddiaları təkzib edib. O qeyd edir ki, göl fəaliyyətini başa çatdırandan sonra orda işlər aparılacaq və ərazi əvvəlki vəziyyətinə qaytarılacaq. İcra başçısı gölə yaxın ərazidə yaşadığını deyərək əlavə edib ki, burada sağlamlığa zərər verən vəziyyət yoxdur.
Aksiyadan bir neçə gün sonra Söyüdlüyə girişin də məhdudlaşdırıldığını sakinlər deyir. Söyüdlü sakinləri bildirib ki, onların yas yerinə və xəstələrinə gələnlər də kəndə buraxılmır.
Həmçinin, əraziyə gedən şəxslər arasında da buraxılmayanlar var.
Müstəqil yaradılmış Söyüdlü İşçi Qrupunun koordinatoru Afiyəddin Məmmədov kənddə vəziyyətin gərgin olaraq qaldığını təsdiqləyir.
“Sakinlər hələ də əlaqə saxlaya bilmirlər. Görünür, yerli əhalini qorxudublar ki, Bakı ilə əlaqə saxlayanda bilinir və onlar cəzalanacaq. Ona görə də məlumat verməyə çəkinirlər və biz məlumatı çətinliklə alırıq. Amma buna baxmayaraq, inzibati qaydada həbs olunanlar üçün apellyasiya şikayətlərini artıq hazırlamışıq və göndərmişik”, deyir.
Ölkə başçısından isə məsələ ilə bağlı nə reaksiya, nə adekvat addım hələlik yoxdur.
Qızıl yataqları Gədəbəyə nə verdi?
Camaatın narahatlıqla danışdığı göl Gədəbəy qızıl mədəninin tullantıxanasıdır ki, 2012-ci ildə Gədəbəyin Söyüdlü kəndindən bir neçə yüz metr aralıda salınıb.
Söyüdlüdə əhali kəskin iydən nəfəs ala bilmədiyini deyir və qızıl yataqlarının sakinlərə heç nə vermədiyini açıqlayır.
“Çünki o gölün içi kislotadır. 100 metr radiusda təbiəti yandırıb. Qızıl istehsalını artırmaq üçün indi o gölün ikincisini də tikirlər kənddə. Özü də axar çayın üstündə. O göl daşıb Şəmkir çayına qarışacaq. Təsəvvür edirsiniz, bu, nə deməkdir? Şəmkir, Tovuz, Gəncəyə qədər təbiət məhv olacaq”, sakinlərdən biri söyləyib.
Müstəqil təşkilat sayılan “Ecofront”un açıqlamasında qeyd edilib ki, sionid anbarı çox bərbad idarə edilib. Təşkilatdan vurğulanıb ki, nəinki beton örtüklü anbar, ən primitiv su keçirməz membranlar (tarp) belə anbarın ancaq bənd hissəsini əhatə edir:
“Bu anbarı idarə edən şirkət və nəzarətedici qurum kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsuliyyətə cəlb edilməlidir. Mədənin və emal müəssisələrin fəaliyyəti dərhal dayandırılmalıdır. Anbarda təhlükəsizlik tədbirləri gücləndirilməli və toksik tullantının zərərsizləşdirilməsi üçün fəaliyyət planı hazırlanmalıdır. Bütün xərclər də bu fürsətçi şirkətə yüklənməlidir”, – “Ecofront”un açıqlamasında bildirilir.
Ekoaktivist Cavid Qaranın təhlillərinə görə, göldən təbii üsulla və tullantınının emalında istifadə edilən texniki üsul kimi buxarlandırmada təkcə su buxarı yox, sionidin bir hissəsi də havaya qarışır. “Kənd su anbarına və bu müəssisələrə o qədər yaxındır ki, insanlar havada toksik çirklənməni birbaşa hiss edirlər və bir çox sakinlərdə artan xərçəng və nəfəs yolu xəstəliklərini bununla əlaqələndirirlər.
3 il əvvəl, 2020-ci ildə Azərbaycanda “Gədəbəy”, “Qədir” və “Uğur” yataqlarının mineral ehtiyat qiymətləndirilməsi aparılıb. Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti açıqlayıb ki, “Gədəbəy” yatağı üzrə ehtiyatlar 8 ton 50 kq qızıl və 26 min ton misdir. “Gədəbəy” yatağının bir kilometrliyində yerləşən “Qədir” yatağında 1 ton 390 kq qızıl, eləcə də 191 min ton mis olduğu bildirilir.
AzadlıqRadiosunun araşdırmasına görə, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci ildə imzalanmış Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 faiz, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 faizdir. İlk qızıl hasilatına “Gədəbəy” yatağında 2009-cu ildə başlanılıb. Ölkə ötən il qızıl ixracından 185 milyon dollar gəlir götürüb. Bu göstərici ilə qızıl ixracdan ən çox gəlir gətirən ikinci qeyri-neft məhsulu olub. Son bilgilərə görə, Azərbaycanda çıxarılan qızılın 57 faizi Daşkəsən, 43 faizi Gədəbəy rayonunun payına düşür. Onu da qeyd edək ki, ”Anglo Asian Mining“” şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib.
Amma bunun fonunda Gədəbəydə əhalinin iqtisadi durumu rəsmi rəqəmlərdə də olduqca aşağıdır. İndiyədək ictimaiyyətə açıqlanan bilgilərdən aydın olur ki, ölkədə kommunal xidmətlərlə əhatə səviyyəsinin ən aşağı olduğu rayonlardan biri Gədəbəydir. 2019-cu ildə bilinmişdi ki, ölkədə adambaşına düşən təbii qaz istehlakına görə ən aşağı nəticənin qeydə alındığı üçüncü rayon Gədəbəydir Adambaşına düşən təbii qaz istehlakına görə Gədəbəyin göstəricisi ölkədə təkcə Yardımlı (46 kubmetr) və Lerik (65 kubmetr) rayonlarından yaxşıdır. Rayonda mərkəzləşdirilmiş şəbəkə ilə içməli su təminatı 10 %-ə yaxındır. Bu göstərici ilə Gədəbəy Ağcabədi və Cəlilabad rayonları ilə birgə ən son yerlərdə qərarlaşıb. Əhalinin kənd təsərrüfatından başqa digər sektorlarda məşğulluq imkanlarının azdır, bu da rayonun bəsit iqtisadiyyatından qaynaqlanır. Qızıl yatağı olan Gədəbəy ölkənin sosial və iqtisadi göstəriciləri baxımından ən zəif gəlişən rayonlarından biri sayılır.