Rahim Ağayevin xidməti otağında axtarış aparıldığı və sübutların götürüldüyü bildirilir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində keçirilən əməliyyatın təfərrüatları açıqlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Əməliyyatı Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev saxlanılıb.
Prokurorluğun məlumatında Rahim Ağayev rüşvət almaqda ittiham olunur:
“Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manatın 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib”.
Rahim Ağayevin xidməti otağında axtarış aparıldığı və sübutların götürüldüyü bildirilir.
Rahim Ağayevə qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rahim Ağayevin ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
İyulun 4-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsilə yanaşı, Laçın və Cəlilabad rayon şöbələrində də əməliyyatlar keçirdiyi haqda məlumat yayılıb. Lakin Baş Prokurorluq hələlik bu əməliyyatların təfərrüatlarını açıqlamayıb.