Verilən ittihama görə onu 5 ildən 10 ilədək müddətə həbs gözləyir
Nərimanov Rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli ilə bağlı 4 aylıq həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddə ilə onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qapalı keçirilən məhkəmə prosesində müstəntiq təqdimatı müdafiə edib, Nazim Bəydəmirli haqqında həbs qərarı çıxarılmasını istəyib. O deyib ki, istintaq davam etdiyi müddətdə onun qaçıb gizlənmək, yayınmaq, şahidlərə təsir göstərmək ehtimalı var, ona görə də həbsdə saxlanması məqsədəuyğundur.
Nazim Bəydəmirlinin vəkili isə əksinə, təqdimatın əleynə olub və onun təmin olunmamasını istəyib.
Nazim Bəydəmirli bildirib ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə əsassızdır. O, nə kimisə hədələyib, nə də pul tələb edib. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan, hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan şəxslə eyni şirkətdə payçı olub. Sabiq deputat vurğulayıb ki, əksinə, o, şikayətçi idi və bir müddətdir araşdırma gedirdi. İyulun 4-də araşdırma adıyla onu çağırıb, özünü cinayət məsuliyyətinə cəlb ediblər.
Nazim Bəydəmirli və vəkilinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib və 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi haqda qərar elan olunub.
Məhkəmədən sonra vəkil Aqil Layıc Meydan TV-yə bildirib ki, həbs qərarından apelyasiya şikayəti verəcək:
“Nazim Bəydəmirli özünü qətiyyən təqsirli bilmir. O, əksinə, özünü zərərçəkmiş hesab edir. O bildirdi ki, ittihamın ona heç bir aidiyyəti yoxdur”.
Nazim Bəydəmirli iyulun 4-də saxlanılıb. O, vəkili ilə danışanda Gədəbəyin Söyüdlü kəndində baş verənlərə görə saxlanıldığını deyib. Sabiq deputat Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) aparıldığını bildirib.
Daxili İşlər Nazirliyi isə iddia edir ki, Nazim Bəydəmirli şantajla pul tələb etməyə görə şikayət əsasında saxlanılıb.
Nazirliyin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Meydan TV-yə bildirib ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib:
“Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək, ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, qalan məbləği vermədiyinə görə o, şikyətçini ailəsi ilə şantaj edərək, rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda Nazim Bəydəmirli bu müraciət əsasında saxlanılıb. Araşdırmalar davam etdirilir”.
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.
Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.
Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.
Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb. Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.