“İnsanlar deyirlər ki, torpağımızı əlimizdən almayın, biz zəhər udmaq istəmirik. Bunu təkcə Şöhrət deyirsə, yaxşı, aparın onu güllələyin…”
Gədəbəy rayonunun Söyüdlü kənd sakini Şöhrət Əsgərovun ailəsi 4 gündür ki, ondan heç bir xəbər ala bilmədiklərini deyir. Həyat yoldaşı Dilarə Hacıyeva Meydan TV-yə danışır ki, o, sonuncu dəfə iyunun 21-də evdən çıxıb, Gədəbəy rayonuna gedib:
“Kənddə səhər-səhər xalamla görüşüb, rayon mərkəzinə tərəf gedib. Yoldaşım maşınla adam daşıyırdı. Müştəri aparıb-gətirirdi”.
Dilarə Hacıyeva deyir ki, həyat yoldaşı da iyunun 20-də Söyüdlü kəndində etiraz aksiyasında iştirak edib və bundan sonra həbs olunmaqla hədələnib. Onun sözlərinə görə, Şöhrət Əsgərovu hətta narkotiklə şərləməklə də təhdid ediblər:
“Bunu tutmusunuzsa da, heç olmasa, yerini deyin. Bu, nə özbaşınalıqdır? Dörd gündür gecəmiz-gündüzümüz yoxdur. Nə səbəbini deyirlər, nə də yerini. Ondan əvvəl hədələyəndə deyirmişlər ki, sən kimsən, adamları maşınla daşıyırsan? Yəni şöbəyə gəlib-gedənləri. Bu adamın işi maşın sürmək, müştəri aparmaqdır, bəs neyləsin?”.
Şöhrət Əsgərovun yaxınları onun yeri barədə məlumat almaq üçün bir neçə dəfə Gədəbəy rayon Polis Şöbəsində də olub. Həyat yoldaşının dediyinə görə, onlara heç bir cavab verilmir.
“Rəisin yanına gedirik, rəis qəbul eləmir. Hara gedirik, deyirlər, yoxdur burada. Bəs bunun yerini bilməyə bizim haqqımız yoxdur? Biz qorxuruq ki, ona içəridə işgəncə verirlər. Adam öldürməyib, baş kəsməyib, niyə belə davranırsız öz vətəndaşınızla? Orada bir tək Şöhrət olmayıb ki?! İnsanlar nə deyirlər? Deyirlər ki, torpağımızı əlimizdən almayın! Deyirlər ki, biz zəhər udmaq istəmirik! Əgər bunu təkcə Şöhrət deyirsə, yaxşı, aparın onu güllələyin…”, – Dilarə Hacıyevanın sözləridir.
O əlavə edib ki, iki azyaşlı qızları var. Uşaqların biri 7 yaşındadır, ikincisi isə 4 aylıqdır. Onun sözlərinə görə, ailənin yeganə qazanc gətirəni Şöhrət Əsgərovdur:
“İnanın, uşağın yeməyi qurtarıb, kənd yeridir. Qayınanam xəstə adamdır. Qayınatam Bakıya gedib ki, bəlkə bir vəkil tapsın, bizə kömək eləsin. Qalmışıq çarəsiz vəziyyətdə.
Belə zülm olmaz axı…”.
Dilarə Hacıyeva Söyüdlü kəndində baş verənlərin kənar qüvvələrlə əlaqələndirilməsi haqda iddiaların da yalan olduğunu vurğulayıb:
“Tam yalan söhbətdir bunlar. Heç kim kənardan qızışdırıb-eləməyib. Əhalinin öz problemidir. Kənardan kim qızışdıracaq? Mən torpğımda zəhər udmalıyam? Kənardan mənə deyəcəklər ki, “get özünü dağdan at”, atmalıyam? İnsanlar torpağını vermək, zəhər udmaq istəmir, ona görə bu insanlara işgəncə verirlər…”.
Şöhrət Əsgərovun həyat yoldaşının dediklərilə bağlı Meydan TV-nin sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, məsələ araşdırılacaq və cavab veriləcək.