Nazirlik onunla bağlı hüquqi addımların atılacağını deyir
Daxili İşlər Nazirliyi (DİN) Gədəbəyin Söyüdlü kəndində yaşlı qadının gözlərinə bibər qazı sıxan polislə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Bu barədə Meydan TV-yə nazirliyin şöbə rəisi Elşad Hacıyev məlumat verib.
O bildirib ki, DİN-in bir qrup əməkdaşı hələ rayondadır:
“Araşdırmanın nəticə haqda məlumat veriləcək”.
“Bəs həmin polis müəyyən olunubmu?” sualına Elşad Hacıyev belə cavab verib:
“Əlbəttə, bu barədə də məlumat veriləcək”.
İyunun 21-də Elşad Hacıyev demişdi ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir.
Ancaq şöbə rəisi qadının üzünə bibər qazı sıxan polis əməkdaşıyla bağlı araşdırma aparıldığını, onun əməlinə hüquqi qiymət veriləcəyini də əlavə etmişdi:
“Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək”.
“Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər. Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da? həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb”, – deyə o bildirib.
Söyüdlüdə nə baş verib?
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.
Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.
Etiraza səbəb olan süni göl isə kənddə yaradılan ikinci su hövzəsidir.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Sakinlərin keçirdiyi aksiya ilə bağlı həbs olunan və cərimələnənlərin olduğu deyilir.