Büdcə təşkilatlarında çalışanlar narazılıq edir
“Türkiyədə baş verən zəlzələdən zərərçəkmişlərə yardım kampaniyasını xoş niyyətlə etməyə başladıq, rayon icra hakimiyyəti bunu məcburiyyətə çevirdi”.
İşini itirmək təhlükəsilə adının açıqlanmasını istəməyən Qazax rayon sakini belə deyir. O, büdcə təşkilatlarından birində şöbə müdiridir. Deyir ki, Qazax Rayon İcra Hakimiyyətinin göstərişi ilə büdcə təşkilatlarında çalışanların hər birinin maaşından 5, vəzifəli şəxslərdən 10 faiz yardım üçün tutulur:
“Sözsüz, Türkiyədə baş verənlərə laqeyd qala bilmərik, hər kəs əlindən gələni etməyə hazırdır. Amma buna insanların özləri qərar verməlidirlər, yoxsa “bu qədər verməlisən” deyib məcbur etmək doğru deyil. Tələb edən rayon icra hakimiyyəti, adamlarla üz-göz olan biz”.
Qazax Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları arasında da kampaniyaya məcburi qoşulduğu üçün narazılıq edənlər var.
“Həkimlər 100 manat, tibb bacıları maaşa uyğun 20-30, xadimələr isə 10 manat verməlidir. Hamımız narazıyıq, bizdən pul yığıb öz adlarına çıxırlar. Niyə mən özüm aparıb ödəməyim? Bəlkə elə çox verəcəm”, – tibb bacılarından biri gileylənir.
Qazax Dövlət Sosial İqtisad Kollecinin bəzi müəllimləri də maaşlarından 5-10 faiz tutulmasına qarşıdırlar. Kollecdən isə Meydan TV-yə deyilib ki, heç kim məcbur edilmir, müəllimlərin özləri könüllü yardıma qoşulublar.
Yerli sahibkarlar da narazılıq edib. Amma yardıma qoşulmaqdan yox, onların yardımının icra hakimiyyətinin adına çıxılmasından narazıdırlar. Təhlükəsizliyi səbəbindən adının açıqlanmasını istəməyən yerli kiçik sahibkar deyir ki, kampaniyanı könüllülər təşkil edib və xeyli yardım yığılıb. Lakin icra hakimiyyətinin nümayəndələri yardımın yığıldığı obyektə gələrək könüllüləri oradan uzaqlaşdırıb:
“İcra hakimiyyəti obyektin sahibinə təzyiq etdi, o da könüllüləri uzaqlaşdırdı. Sonra icra hakimiyyətinin özü gəlib orada yardım yığmağa başladı. Bir sözlə, sahibkarların, sadə adamların yardımını icra başçısı öz adına çıxır”.
Rayonun “Göyəzən.az” internet portalında da kampaniya ilə bağlı məlumat verilib:
“Bütün Azərbaycan xalqı kimi, Qazax Rayon İcra Hakimiyyəti də qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara göstərilən humanitar yardım kampaniyasına qoşulub. Bu çətin günlərdə Türkiyə xalqının yanında olduğunu nümayiş etdirib”.
“Sözügedən humanitar yardım dövlət büdcəsindən ayrılmış 51886,14 manat vəsait hesabına göndərilib. Alınmış mallara görə həmin vəsaitdən 14072,2 manat “Abulife GROUP” MMC-yə, 9500,00 manat “Əsədoğlu” marketə (Kərimov Əsəd Məhərrəm oğluna), 10003,08 manat “Avromed Company” MMC-yə, 13697,61 manat “Brend Shop” mağazasına (Nazarov Murtuz Cəlil oğluna), 2008,25 manat “Ucuzluq” mağazasına (Əhmədov Vüsal Məmmədqulu oğluna), 1360,00 manat “Beko”-ya (Əsgərov Vahid Temur oğluna), 1245,00 manat “Xanlıqlar GROUP” MMC-yə məxsus hesablara ödənilib”, – məlumatda deyilib.
Bildirilir ki, alınmış 300 ədəd yorğan, 100 ədəd döşək, 300 ədəd yastıq, 211 ədəd elektrik qızdırıcısı, 6000 ədəd qida məhsulu, 38 çeşiddə vacib olan dərman preparatı, həmçinin, 330 ədəd kişi və 153 ədəd qadın üçün üst geyimi, 40 ədəd kişi və 60 ədəd qadın üçün qalın üst geyimi (gödəkcə), 55 cüt kişi, 18 cüt qadın və 50 cüt uşaq üçün ayaqqabı, 109 cüt qadın, 100 cüt kişi və 67 cüt uşaq üçün corab ictimaiyyət nümayəndələrinin iştirakı ilə könüllülər tərəfindən qablaşdırılıb və fevralın 10-da yük maşınına yüklənərək Türkiyəyə yola salınıb.
Sahibkarlardan biri Meydan TV-yə deyib ki, doğrudur, Türkiyəyə göstərilən məbləğdə, yəni 51886,14 manatlıq yardım göndərilib. Amma əsas xərci sahibkarların özləri çəkiblər:
“Hər bir sahibkarın hesabına məbləğlər göndərildi, böyük hissəsi çıxarılıb geri qaytarıldı. Yəni, özümüz etdik, adı icra hakimiyyətinin oldu”.
Meydan TV “Abulife GROUP” MMC-yə məxsus telefonla da əlaqə saxlayıb. Telefonu açan qadın kampaniyaya qoşulduqlarını, ancaq nə qədər xərc çəkildiyi barədə məlumatsız olduğunu bildirib. “Xanlıqlar GROUP” MMC-dən də bu barədə danışmaq istəməyiblər.
Qazax Rayon İcra Hakimiyyətindən isə deyilənləri təkzib ediblər:
“Heç kimə belə bir göstəriş, tapşırıq verilməyib”.
Sosial şəbəkələrdə də bu barədə məlumatlar paylaşılır. Sumayıtda, İmişlidə, Neftçalada və Ağstafada da büdcə təşkilatında çalışanların məcburi şəkildə yardım kampaniyasına cəlb edildiyi deyilir.