Neçə gündür ki, valideynlər istilik tələbiylə rayondakı qurumların qarşısına toplaşır
“Dünən məktəbin damının bir hissəsində qar ərimişdi, otaqlar su ilə dolmuşdu. Partaları kənara çəkmişdilər, uşaqlar da ayaq üstə qalmışdı. Necə edək, sözümüzü daha hansı formada deyək ki, bizi anlasınlar, kənddə bir məktəb tiksinlər, uşaqların canı köhnə dayaq üstündə dayanan məktəbdən qurtarsın? Biz də məktəbə göndərdiyimiz uşaqların nigarançılığını çəkməyək”.
Qubanın Küçeyi kənd sakinləri bir neçə gündür ki, kənd məktəbinin istiliyinin həllini tələb etmək üçün rayondakı qurumlara üz tutub. Onlar azyaşlı övladlarını köhnə dirəklər üzərində dayanmış məktəbə – qəzalı tikiliyə göndərəndə evə dönənədək nigaran qalırlar.
Məktəbdə istilik yoxdur, sinif otaqları valideynlərin məktəbə odun verməsi sayəsində isinir. Yanvarın 10-da valideynlər qarlı havaya baxmayaraq, toplaşıb avtobus kirayələyərək Quba-Xaçmaz Regional Təhsil Şöbəsinə və icra hakimiyyətinə gediblər. Hər iki qurumda valideynləri qəbul etsələr də, onlara hazırda odun problemininin həllinin mümkün olmadığı bildirilib.
Valideynlərdən biri Meydan TV-yə bunları deyib:
“Dünən Təhsil Şöbəsində bizə dedilər ki, odun üçün ayın sonunadək gözləmək lazımdır. Burda da möhkəm qar yağır, biz gözləyə bilmərik ki, uşaqlarımız donsun. İcra hakimiyyətində də olduq, icra hakimiyyətindən kəndimizin icra nümayəndəsinə zəng vurub çağırdılar. Tapşırdılar ki, məktəbin odunla təmin edilməsini həll eləsin. O da dedi ki, kəndin girəcəyində taxta sexi var, ordakı ağacların qırıntılarından götürmək olar. Dedik ki, ordan bir dəfə verdikləri odunu məktəbdəki sobada yandırmaq olmur. Məktəbin işçisi onu alışdırana qədər dərslər bitir. İcra nümayəndəsi bizi Meşə İdarəsinə göndərdi, onlar da bizə odun vermədilər”.
Yanvarın 10-da valideynlər qarlı havada yenə toplaşıblar və odun problemini həll etməyə çalışıblar:
“Ayın sonunadək bu uşaq məktəbdə donmalıdır? Ya gərək uşağı məktəbə buraxmayaq, ya da gərək yenə də odun problemini özümüz həll edək. Uşaqlarımızın təhsilli olmasını istəyirik. Ona görə də məcbur olduq ki, bu gün özümüz gedib odun məsələsini həll edək”.
Bu valideynlər ilk dəfə 2019-cu ilin aprelində Meydan TV-yə müraciət etmişdilər. Onlar ümid edirdilər ki, məktəbin durumu ictimailəşəndən sonra aidiyyəti qurumlar hərəkətə keçəcək. Ancaq sayta təkrar müraciətlərindən məlum olur ki, ötən 4 ilə yaxın müddətdə məktəbin divarına bircə mismar da vurulmayıb.
4 ildən sonra yenidən Meydan TV-yə müraciət edən kəndlilər deyir ki, əksinə, məktəb binasının çökmək təhlükəsi günbəgün artır.
Küçeyi kənd məktəbi binasının azı 45 yaşı var. Azı 200 şagirdin elm öyrənməyə çalışdığı məktəbin cəmi 7 sinif otağı var, onlar da darısqal və nəmişlikdir. Valideynlər deyirlər ki, dərs vaxtı dörd şagird bir sınıq-salxaq partanı paylaşmaq məcburiyyətindədir. Otaqların döşəməsi və tavanı qəzalı vəziyyətdədir. Valideynlər deyir, sinif otaqlarının sahəsi maksimum 15 kvadratmetrdir. Müasir infrastruktur normalarına görə, hər bir şagirdə 2,5 kvadratmetr sahə düşməlidir. Ancaq burada hər şagirdə heç 1 kvadratmetr də düşmür. Bu isə o deməkdir ki, hər bir şagirdə təxminən 1,5 dəfə az yer düşür.
Valideynlər deyirlər ki, bir neçə il əvvəl siniflərin tavanı tamamilə çöküb. Onlar öz hesablarına tavanı və döşəməni müvəqqəti təmir etdiriblər. Təmir işinə müəllimlər də dəstək verib. Əsaslı təmir olmadığından döşəmələrdə yenə iri deşiklər yaranıb, tavanların yenidən yaranmış yarıqlarını isə karton parçaları “örtüb”. Sovet vaxtından qalmış avadanlıqlar da ömrünü çoxdan başa vurub.
15 ilə yaxındır ki, məktəb 20 yanvar şəhidi Elçin Qeybullayevin adını daşıyır. Şəhidin bacısı Simuzər xanım da məktəbin əsaslı təmiri üçün dəfələrlə aidiyyəti qurumlara müraciət edib. Məktublarının birində yazıb ki, məktəb əsaslı təmir olsa, vaxtilə bu məktəbdə təhsil almış şəhid qardaşının ruhunu da şad edər.
Quba Rayon İcra Hakiiyyətindən Meydan TV-yə bildirilib ki, Küçeyi kənd məktəbinin əsaslı təmiri üçün qurum Təhsil Nazirliyinə çoxdan müraciət edib:
“Bir müddət əvvəl o məktəbin fəsadlarında təmir işləri aparılıb. Kənddə yaxın illərdə yeni məktəb tikilməlidir. Dünən gələn valideynlər qəbul edilib, icra hakimiyyəti də məktəbin istilik probleminin həlli üçün aidiyyəti yerlərə müraciət edib”, – qurumdan bildirilib.
Quba-Xaçmaz Regional Təhsil Şöbəsindən də oxşar cavab verilib. Bildirilib ki, yanvarın 10-da odun üçün gələn valideynlərə yaxın günlərdə məktəbin odunla təmin ediləcəyi, buna görə rayonun meşə idarəsinə müraciət olunduğu deyilib. Küçeyidə yeni məktəbin inşası plandadır.