Şuşa-Xankəndi yolunda azərbaycanlıların etiraz aksiyası 4 gündür fasiləsiz davam edir. Aksiyada müxtəlif könüllü qruplar, qeyri-hökumət təşkilatı nümayənləri iştirak edir. Həmçinin Qarabağda çalışan fəhlələr də etiraza cəlb olunub.
Laçın və Xankəndinə gedilən yolların qarşısında sülhməramlılar qərar tutub. Mərkəzdə isə aksiyaçılar dayanıb. Onlar Qarabağda Rusiya Sülhməramlı Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına etiraz edir, orada ekoloji terror baş verdiyini deyirlər. Azərbaycan hökuməti sözügedən ərazidə monitorinq aparmaq üçün kontingentlə danışıqlar aparsa da, buna nail ola bilməyib.
Aksiya yerində iştirakçılar növbə ilə dururlar. Bir dolu avtobus gəlir, digəri qayıdır. Gecə-gündüz postda keşik çəkənlər hökumət tərəfindən yemək və çadırla təmin olunur.
ABŞ Dövlət Departamenti Laçın dəhlizinin bağlanmasının sülh prosesini ləngitdiyini deyir. Onlar Azərbaycan hökumətini sərbəst hərəkəti bərpa etməyə çağırırır. Azərbaycan hökuməti isə yolun Rusiya sülhməramlıları tərəfindən bağlandığını deyir.
Ermənistan mətbuatı yazır ki, yol bağlandığından Xankəndi-Gorus magistralında mindən çox adam ilişib qalıb.
Azərbaycan XİN isə yolun mülki təyinatlı nəqliyyat vasitələri üçün açıq olduğunu bəyan edib.