Yens Stoltenberq: “Putin qışdan müharibə silahı kimi istifadə etməyə çalışır”
Rusiya bir neçə cəbhədə eyni vaxtda hücuma keçdiyi üçün NATO Ukraynaya daha çox kömək edəcəyini vəd edib.
NATO və müttəfiqləri Ukraynaya daha çox silah və Rusiyanın zərbələri nəticəsində kəsilən enerji təchizatının bərpasına kömək etmək üçün avadanlıq verəcəklərini bildiriblər.
Bir gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski qüvvələrinin bir çox bölgədə Rusiyanın irəliləyiş cəhdlərindən müdafiə olunduğunu açıqlamışdı.
Ukrayna Baş Qərargahı isə noyabrın 30-da bildirib ki, onun qüvvələri Donbasın şərqində son 24 saat ərzində Rusiyanın altı hücumunu dəf edib:
“Rusiya artilleriyası Dnepr çayının sağ sahilini və daha cənubda yerləşən Xerson şəhərini atəşə tutub”.
Ukraynalılar noyabrın 29-da hava hücumu xəbərdarlığı sirenlərindən sonra bomba sığınacaqlarına gedib.
Şərqi Donetsk vilayətində Rusiya qüvvələri Ukrayna hədəflərini artilleriya, minaatan və tanklardan atəşə tutub.
Zelenski Rusiya hərbçilərinin şərqdə Luqansk və şimal-şərqdə Xarkovda da hücum etdiyini, sonuncunun isə Ukraynanın sentyabrda geri aldığı ərazi olduğunu söyləyib.
Zelenski noyabrın 29-da gecə etdiyi videomüraciətində cəbhədə vəziyyətin çətin olduğunu bildirib.
“Donetsk, Luqansk və Xarkovda “son dərəcə böyük itkilərə baxmayaraq, işğalçılar hələ də irəliləməyə çalışırlar. Onlar cənubda nəsə planlaşdırırlar”, – deyib.
Ukrayna bu ay Rusiya qüvvələrinin geri çəkilməsindən sonra cənubdakı Xersona nəzarəti bərpa edib.
NATO alyansının xarici işlər nazirləri, o cümlədən ABŞ dövlət katibi Antoni Blinken noyabrın 29-da Buxarestdə iki günlük görüşə başlayıb. Həm ukraynalıları təhlükəsiz və isti saxlamaq, həm də qarşıdan gələn qış kampaniyası vasitəsilə Kiyev ordusunu saxlamaq yollarını axtardıqlarını açıqlayıb.
“Bizə hava hücumundan müdafiə, İRİS, Hawks, Patriotlar lazımdır və transformatorlara (enerji ehtiyaclarımız üçün) ehtiyacımız var”, – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO iclası çərçivəsində müxtəlif Qərb hava hücumundan müdafiə sistemlərini sadalayarkən jurnalistlərə deyib.
“Bir sözlə, transformatorlar Ukraynanın hazırda ən çox ehtiyacı olan şeydir”, – deyə o qeyd edib.
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev NATO-nu Ukraynanı “Patriot” raketdən müdafiə sistemləri ilə təmin etməmək barədə xəbərdarlıq edib və alyansı onun “ukraynalı fanatiklərə” silah çatdırdığına görə “cinayətkar bir qurum” kimi qınayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Prezidenti Vladimir Putin Moskva qüvvələrinin döyüş meydanında ərazi itirdiyi bir vaxtda qışdan müharibə silahı kimi istifadə etməyə çalışır.
ABŞ və Avropa rəsmiləri bildiriblər ki, nazirlər danışıqlarda yanacaq, tibbi və qış ləvazimatları kimi yardımlar, eləcə də hərbi yardıma diqqət yetirəcəklər.
Vaşinqton elektrik şəbəkəsi avadanlıqlarının alınması üçün 53 milyon dollar ayıracağını bildirib.
ABŞ prezidenti Co Bayden Ukraynaya daha çox hərbi yardımın verilməsinin prioritet olduğunu söyləyib. Lakin yanvarda Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçirən Respublikaçılar 18 milyard dolları keçən maliyyənin dayandırılmasından danışıb.
Rusiya oktyabrdan Ukraynanın elektrik enerjisinin ötürülməsi və isitmə infrastrukturuna böyük hücumlara başlayıb.
Kiyev və müttəfiqlərinin fikrincə, mülki əhaliyə zərər vurmaq üçün atılan addımlar müharibə cinayətidir.