Kürdəxanı sakinləri yolsuzluqdan əziyyət çəkir
“Kürdəxanı qəsəbəsinin girişindən məhəllələrə qədər yol 22 ildir bərbad vəziyyətdədir. Yollara asfalt örtüyünün çəkilməsi üçün illərdir edilən müraciətlər nəticəsiz qalıb”.
Bunu Meydan TV-yə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin sakinləri bildiriblər. Onların sözlərinə görə, 30 minə yaxın əhalinin yaşadığı Kürdəxanıda əksər yollar təmir edilib, yenidən qurulub. Lakin giriş məhəllələrinin problemi həllini tapmır.
Qəsəbə sakini Elnur Əliyev bildirib ki, kanalizasiya sisteminin olmaması nəticəsində su onsuz da yaylı-qışlı palçıq olan küçəyə dolur. Minlərlə sakin hər gün əziyyət çəkir.
“Yol bərbad vəziyyətdədir, yağış yağan kimi gölməçələr əmələ gəlir. Palçıqdan hərəkət etmək mümkün olmur. Yağışlı havalarda əraziyə taksilər üç qat artıq qiymətə gəlir. Hər gün dərsə gedib-gələn uşaqların vəziyyətini təsvir etmək üçün qəsəbədə heç olmasa bir-iki gün qonaq qalmaq lazımdır”,-şikayətçi söyləyib.
Onun sözlərinə görə, uşaqları dərsə aparıb-gətirərkən ayaqqabılarının üstündən rezin çəkmə geyindirirlər, yaxud torba keçirirlər:
“Dərsə və ya işə gedənlərin payız-qış ehtiyat ayaqqabısı olur, hamı yemək daşıyanda biz özümüzlə ayaqqabı gəzdiririk. Kanalizasiya sisteminin çəkilməsi çox vəsait tələb edir, heç olmasa asfalt çəksinlər, su dolsa da, palçıq olmaz”.
Sözügedən məhəllə magistral yola yaxındır. Məhəllə 2000-ci ildən salınıb, amma kanalizasiya sistemi hələ də çəkilməyib. Kürdəxanı bələdiyyəsindən isə deyiblər ki, qəsəbəətrafı və məhəllədaxili yolların demək olar ki, 97-98 faizi yenidən qurulub, asfalt örtük çəkilib. Yalnız bir neçə ərazi qalıb ki, həmin ərazilərin təmiri üçün aidiyyatı qurumlara müraciət edilib, yollar təmir ediləcək.