Gələn il üçün yaşayış minimumu təsdiqlənib
Sentyabrın 18-də Milli Məclis “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun layihəsini birinci oxunuşda təsdiq edib.
Beləliklə, gələn il üçün Azərbaycanda yaşayış minimumu 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən edilib.
İqtisadçı Natiq Cəfərli deyir ki, “Yaşayış minimumu haqqında” Qanunun 4-cü maddəsinə görə, məbləğin hesablanması istehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə müəyyən edilir.
Onun sözlərinə görə, istehlak səbətinin tərkibi və normaları isə Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib.
İqtisadçı bildirib ki, əsl tragikomediya da minimum istehlak səbətinin tərkibinə baxanda üzə çıxır, əmək qabiliyyətli insanlar üçün istehlak səbəti hesablanarkən aşağıdakı normalar qəbul edilib:
- Çörək və çörək məhsulları – il ərzində 136 kq 800 qr, yəni, günə 375 qram (niyə bu qədər çox – çünki kalori norması da dolmalıdır deyə ən ucuz, amma ən çox kalori verən çörəyi bu qədər yüksək götürüblər),
- Kartof – il ərzində 54 kq 800 qr, yəni, günə 150 qram (bu da ucuz, amma kalorisi çox olduğu üçündür),
- Ət və ət məhsulları (quş əti də daxil) – ilə 32 kq 900 qr, yəni, günə 90 qram,
- Kərə yağı – ilə 7 kq, yəni, günə 19 qram,
- Balıq və balıq məhsulları – ilə 7 kq 700 qr, yəni, günə 21 qram,
- Bitki yağı, marqarin və digər piylər – ilə 10 kq 900 qr, yəni, günə 29 qram.
İqtisadçı qeyd edir ki, bu normalarla əmək qabiliyyətli insan dolana, normal qidalana bilməz:
“İndi gələk qeyri-ərzaq məhsullarına. Palto tipli üst geyimləri qrupu – 8 ilə 3 ədəd (2,5 ilə 1 ədəd), alt geyimləri – 2,5 ilə 9 ədəd (102 günə bir tuman düşür), corab məmulatları – 1,5 ilə 7 cüt (78 günə bir corab), ayaqqabı – 3,5 ilə 6 ədəd (213 günə bir cüt). İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir. Belə ayıb olmasın, 102 günə tuman, 78 günə isə corab dözməz, belə kriteriyalar qoyaraq istehlak səbətini hesablayırlar, sonra da yaşayış minimumu ölkə üzrə 246 manat müəyyən edirlər”.
Natiq Cəfərli deyir ki, aşağı hesablanmasının da səbəbi var. Ölkədə statistika siyasi ritorikaya xidmət edir, əgər yuxarı rəqəm, yəni, normal hesablamalar aparsalar, o zaman ölkədə yoxsulluq həddində yaşayan insanları sayı kəskin arta bilər, bizdə isə rəsmi rəqəmlərdə bu say əhalinin 5 faizdən də aşağıdır:
“Eksperiment üçün istənilən məmura bir aya 246 manat pul verək (ərzaq, geyim, kommunal xidmət, dərmanlar və s. daxil 1 aya ehtiyaclarını ödəmək üçün), günün 24 saatını da “online” izləmək şansı yaradaq, əminəm ki, belə bir “reality show”nu ölkə əhalinin tamamı maraqla izləyər, ən baxımlı şou-proqram olar”.
Azərbaycanda minimum əməkhaqqı da aşağıdır: 300 manat.
Deputat Vahid Əhmədov isə bu həftə Milli Məclisdəki çıxışında minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edib.
O deyib ki, qiymətlər yüksəkdir və bu səbəbdən minimum əmək haqqının qaldırılmasına ehtiyac var.
Ondan öncə isə minimum əməkhaqqının artırılması təklifi yayda, Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda səsləndirilmişdi. Həmin vaxt nə hökumətən, nə də parlamentdən təklifə müsbət reaksiya olmuşdu.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 10 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub.
Ərzaq inflyasiyasının isə 20 faizə çatdığı açıqlanıb.
Müstəqil ekspert və iqtisadçılar daim açıqlamalarında bu inflyasiyanın açıqlanandan azı 2 dəfə çox olduğunu bildirib.