İnvestorların incidilməsi, şirkətlərə müdaxilə Azərbaycana fayda gətirərmi?
Bu ilin ilk 6 ayında Fransadan Azərbaycan iqtisadiyyatına 2 milyon 762 min dollarlıq investisiya qoyulub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 54 faiz çoxdur.
2021-ci ilin ilk 6 ayında qoyulan yatırımın məbləği isə 1 milyon 793 min dollar olub.
Rəqəmlər Azərbaycan Mərkəzi Bankının “Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalar” adlı hesabatındandır.
Fransadan gələn investisiyanın ümumi məbləğdəki yeri
Ümumilikdə isə 2022-ci ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına 3 milyard 220 milyon 592 min dollar xarici investisiya yatırılıb.
Fransanın yatırımı ümumi məbləğin təxminən 0.09 faizidir.
Fransanın Azərbaycana 2021-ci ildəki yatırımı isə ümumi 2 milyard 635 milyon 666 min dollarlıq xarici investisiyanın təxminən 0.07 faizidir.
“Aktivlər dondurulsun!”
Azərbaycan Milli Məclisinin noyabrın 16-da yaydığı bəyanatında qeyd edilir ki, Fransa rəsmilərinin Azərbaycandakı aktivləri dondurulmalıdır.
Eyni zamanda, Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılmalıdır.
Səbəb isə noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul etməsidir.
Milli Məclisin bəyanatında daha sonra qeyd olunub ki, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməlidir. Həmçinin Azərbaycanla Fransa arasında olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılmalıdır.
Bu, mümkün ola bilərmi?
İqtisadçı Fərid Mehralızadə deyir ki, şirkətlərin, investorların aktivlərinin dondurulması, onların ölkədən qovulması və s. mümkün görünən bir şey deyil. Ola bilər ki, hansısa fransız şirkəti Azərbaycandakı partnyor şirkətlə iş görür. Yalnız onların aralarındakı müqavilə imkan versə, işə xitam verilə bilər:
“Yaxud müqavilədə ola bilər ki, nə zamansa səbəb göstərilmədən işə, əməkdaşlığa xitam verilə biləcəyi ilə bağlı müddəa var. Bu halda mümkündür. O zaman da külli miqdarda təzminat ödənməlidir. Belə olan halda, əməkdaşlığı kəsməyin mənası nə olur? Qarşı tərəf təzminat alıb, zərərini qarşılayır. Kimə ziyan vurmuş olurlar?”.
“Aktivləri dondurmaq, yaxud şirkəti qapatmaq çox nadir görünən haldır”
İqtisadçı bildirir ki, düzdür, istənilən halda Azərbaycan reallığında saxta vergi ittihamı və s. yollarla əməkdaşlığa son verilə bilər. Məsələn, hazırda Rusiyada edilən kimi, xüsusi bir qanun çıxara bilərlər ki, Fransa vətəndaşıdırsa, onun ölkəyə investisiyasının qarşısı alınmalıdır:
“Bu, mümkün olmadığında hazırki vəziyyətdə maksimum hansısa layihənin tenderini ləğv edə bilərlər. İqtisadi olaraq mənim gördüyüm vəziyyət budur. Hansısa ölkə ilə siyasi vəziyyət gərginləşəndə, o ölkədən mal almağı dayandıra bilərlər, yaxud hansısa sifariş verməyi dondururlar. Amma aktivləri dondurmaq, yaxud şirkətini qapatmaq çox nadir görünən haldır”.
“Fransa investorlarına qarşı atılacaq mənfi addım digər yatırımçıların qarşısını ala bilər”
Fərid Mehralızadə deyir ki, belə halın olması Azərbaycana üzağlığı gətirməz. Çünki istənilən investor bir ölkəyə yatırım etmədən öncə araşdırır.
Onun sözlərinə görə, Azərbaycanın Fransa investorlarına qarşı bu gün atacağı addım digər ölkələrdən gələn yatırımçıların qarşısını ala bilər:
“Yeri gələndə Fransadan yatırılan investisiya çox deyil, amma gələcək böyük yatırımlara əngəl törədə bilər. İnvestor baxar ki, bu ölkədə hüquq, ədalət sistemi yoxdur. Fransa ilə münasibət pisləşəndə həmin ölkənin investorlarının başına filan iş gəldi. Qoy mən də risk etməyim”.
“Mənə elə gəlir ki, deputatların dedikləri təklif kimi qalacaq”
İqtisadçı əlavə edir ki, hüquqi mühit, ədalət sistemi, biznesin ədalətliliyi yatırım üçün önəmli faktordur. Bunların olmadığına şübhə yaranarsa, sərmayələr davamlı olmaz:
“O da doğrudur ki, hələlik, Azərbaycan hökuməti tərəfindən hər hansı addımlar atılmayıb. Sadəcə Milli Məclisdə aktivlərin dondurulması ilə bağlı bir neçə deputat təklif verib. Mənə elə gəlir ki, elə təklif kimi də qalacaq. Yox, elə bir addım atılsa, bu zaman təbii investorlar çəkinəcəklər ki, mənsub olduqları ölkə ilə Azərbaycan arasında hər hansı problem yaşanarsa, onları da eyni aqibət gözləyəcək”.
Noyabrın 15-də Fransa Senatının Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə layihəsini 296 nəfərdən 295-i dəstəkləyib.
Cəmi 1 nəfər sənədin əleyhinə səs verib.
Qətnamədə Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi tələb olunub.
Eyni zamanda, Azərbaycan və onun tərəfdaşları qarşısında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsi, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılması tələbi qoyulub.