Adı rüşvət almaqda hallanan məmur necə yoxlama aparıb və rəy verib?
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, iki ildir həbsdə olan Vilyam Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. Sabiq icra başçısı səhhətində ciddi problemlər olduğunu deyir.
Bu məsələni iyunun 6-da Vilyam Hacıyevin məhkəməsində onun vəkili Elmar Kərimov qaldırıb. Sabiq icra başçısının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə prosesində artıq dindirmələr başa çatıb. İyunun 6-da cinayət işinin materiallarında olan ekspert rəyləri elan edilib. Mühasibatlıq ekspertizasının rəyinə əsasən, İmişli Rayon İcra Hakimiyyəti, rayondakı mərkəzi xəstəxana, Mənzil Kommunal Təsərrüfat Birliyi, məktəb və bağçalara büdcədən ayrılan vəsaitlərin bir hissəsi təyinatı üzrə istifadə olunmayıb.
Vilyam Hacıyevin vəkili yoxlama aktı əsasında hazırlanmış ekspert rəyinə etiraz edib. Vəkil bildirib ki, ekspertin əsaslandığı yoxlama aktını icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev hazırlayıb:
“Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb rəyə. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Yoxlama aktını tərtib edən də icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər məhz ona rüşvət verdiklərini deyirlər. Ekspertiza rəyi 2012-2018-ci illəri əhatə edib. Halbuki, 2012-2014-cü illərdə Maliyyə Nazirliyi icra hakimiyyətində yoxlama aparıb, həmin vaxt heç bir qanunsuzluq aşkar olunmayıb”.
Vəkil vəsatət qaldırıb ki, icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev yenidən məhkəməyə çağrılıb dindirilsin.
Cəmil Musayev özü də məhkəmədə dindirilərkən vətəndaşlardan rüşvət aldığını etiraf edib. Lakin o, alınan vəsaitləri sabiq icra başçısına çatdırdığını deyib. Vilyam Hacıyev isə onun yalan danışdığını söyləyib.
Adı rüşvət qalmaqalında hallanan Cəmil Musayev hazırda da icra hakimiyyətində eyni vəzifədə çalışır.
Vəkilin daha bir vəsatəti isə sabiq icra başçısının Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi haqda olub. Vəkil bildirib ki, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Vilyam Hacıyevin səhhətində problemlər var.
Hakim bu məsələ ilə əlaqədar Pentensiar Xidmətə yazılı müraciət olunmasını tövsiyə edib.
Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, uzun müddət DTX-nın istintaq təcridxanasında saxlanılıb. Məhkəmə başlayanda Bakı İstintaq Təcridxanasına köçürülüb. Sabiq icra başçısı bir müddət əvvələ qədər Müalicə Müəssisəsində saxlanılırdı.
Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.
O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.