Şəmkir sakinləri şikayətlərinin təmin olunmadığını deyirlər
“Şəmkirin səbət bazarında ötən ilin yayında baş vermiş yanğın nəticəsində küllü miqdarda ziyana düşdük. Bazar rəhbərliyi heç yerə müraciət etməyəcəyimiz təqdirdə bizə dəymiş zərərin ödəniləcəyini vəd etsə də, aldadıldıq”.
Bunu Meydan TV-yə açıqlamasında Şəmkir rayon sakini Aytən Əli qızı Orucova və həyat yoldaşı Habil Orucov bildirib.
Habil Orucov deyib ki, əlildir, heç yerdə işləmir. Bütün malları yanıb, banklara borcu yaranıb, ailəni dolandıra bilmir.
“İki ildir həmin bazarda paltar, ayaqqabı satırdıq. Gecə saat birə işləmiş zəng gəldi ki, bazarda yanğın başlayıb. Biz hadisə yerinə çatanda artıq hər yer yanıb külə dönmüşdü. 8 aydır müraciət etmədiyim qurum qalmayıb, ancaq reaksiya verən, kömək edən yoxdur”, -Aytən Orucova bildirib.
Onun sözlərinə görə, bazar rəhbərliyi ilə görüşüb, 60 min manatdan çox dəyəri olan mallarının yandığını deyib: “Həyat yoldaşım birinci qrup əlildir, protez ayağını yara edib. Bankdan götürdüyüm kreditə görə 35 min manat borc yaranıb. Bunları bazar müdiri də bilir. Ondan xahiş etdim ki, heç olmasa kreditimi ödəməyə kömək etsinlər. Yenə nisyə mal götürüb sata bilərəm. Dedi ki, maksimum üç min manat borc verə bilər, min manat da sığortaya görə ödəniş ediləcək. Halbuki bazarda iki mağaza, bir köşk icarəyə götürmüşdüm, arxasını böyük mağaza kimi tikdirmişdim. Evdə mal saxlamağa şəraitim olmadığından yaylı-qışlı bütün mallarım bazardakı mağazalarda idi”.
Orucova qeyd edib ki, tək mağazaların arxasındakı tikili 12 kvadratmetrdən uzun olub. Amma sənədlərdə cəmi 6 kvadratmetr ərazinin icrəyə götürdüyü göstərilib: “Yanğından sonra bizimlə müqavilə bağladılar, dedilər ki, imzala, heç kimə söyləmə, dəymiş zərər ödəniləcək. Müqavilədə icarəyə götürdüyümüz ərazini 6 kvadratmetr kimi qeyd ediblər. Buna görə də hara gedirəm deyirlər ki, 6 kvadratmetr yerə görə özünü niyə öldürürsən? Başımı itirmişdim, sənəddə 6 kvadratmetr yazıldığına fikir verməmişəm”.
Şikayətçinin sözlərinə görə, aldadıldığı üçün dəymiş zərəri sübut etməkdə çətinlik çəkir:
“Üç övladım var, yoldaşımın müalicəsi davam etdirilməlidir. Ayda 700 manat kredit ödəməliyəm. Mənə 6 ay möhlət verilib. Yoldaşımın 350 manat pensiya alır, onun 300 manatını kreditə çıxırlar. Mən bu 50 manatla ailəmi necə saxlayım? Hər gün banklardan zəng edib xəbərdarlıq edirlər”.
Qadının sözlərinə görə, indi bazar rəhbərliyi deyir ki, hara istəyirsən şikayət elə:
“Onsuz da prokurorluqdan tutmuş icra hakimiyyətinə kimi şikayət etmişəm, nəticəsi olmayıb. Fövqəladə Hallar Nazirliyindən cavab gəlib ki, yanğınla bağlı iş bağlanılıb, çünki bazar rəhbərliyinin vədinə inanaraq içi biz qarışıq heç kim vaxtında şikayət etməyib. Qohumların ümidinə yaşayırıq, ancaq nə vaxta qədər belə davam edəcək, bilmirəm. Gecələr ac yatıb, səhər kiminsə kömək edəcəyini gözləyə-gözləyə yaşamağa çalışırıq”.
Bazar rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Şəmkir Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, narazı vətəndaşlar məhkəməyə müraciət etməlidirlər: “İcra hakimiyyəti sahibkardan pul alıb şikayətiyə vermək səlahiyyətində deyil”.
Yanan bazarın ötən il Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmuş Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Məmmədova məxsus olduğu bildirilir.