“Minalardan təmizlənmə işinə ayrılan ümumi paket 2,5 milyon avro civarındadır”
“Dolğun, etibarlı məlumatların çatdırılması hər zaman mühüm olub. Jurnalistlər də çox vaxt həyatlarını riskə ataraq bu vəzifəni yerinə yetirirlər. Hazırda Rusiyanın Ukraynaya qarşı başladığı əsassız müharibədə də jurnalistlərin vəziyyətini görürük”.
Bu açıqlamanı mayın 4-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko keçirdiyi mətbuat konfransında səsləndirib.
Diplomat Azərbaycan jurnalistləri ilə tez-tez əlaqə saxlamağa maraqlı olduğunu bildirdi:
“Bir çoxunuzla əvvəllər görüşsəm də, bundan sonra daha çox jurnalistlə görüşməyə hazıram. Bu, xüsusilə regionlardan gələn media nümayəndələrinə aiddir. Çünki onlar bölgələrdəki insanlara dolğun məlumat verirlər, bu da cəmiyyət üçün çox mühümdür. Hər zaman regionlara səfər etdikdə, media nümayənlərləri ilə görüşüm gündəlikdə olur. Bugünkü görüş də mətbuat konfransından çox bir görüşdür və bunun bir ənənəyə çevrilməsini istəyirəm. Pandemiyadan sonra daha tez-tez görüşəcəyimizə ümid edirəm”.
“İqtisadi və investisiya çərçivəsində Azərbaycandakı layihələrə 2 milyard avro ayrılıb”
Peter Mixalko Avropa İttifaqının iqtisadi və investisiya çərçivəsində Azərbaycandakı layihələr üçün 2 milyard avro ayırdığını xatırladaraq əlavə edib ki, iqtisadiyyat, ticarət və enerji sahəsində əməkdaşlıq genişlənir:
“Avropa İttifaqı ticarət və iqtisadiyyat sahəsində Azərbaycanın tərəfdaşı olaraq qalır, həm də Avropa bazarı Azərbaycan üçün birinci bazardır. Yəni Azərbaycandan ixrac olunan malların 51 faizi Avropa bazarına gedir. Keçən ilin rəqəmlərinə baxdıqda məlum olur ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmışıq və bu sahadə irəliləyiş davam edir. Cənub-Qaz dəhlizi birlikdə ərsəyə gətirdiyimiz müvəfəqiyyətli layihədir və bu əməkdaşlıq daha da genişlənməlidir”.
O, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan-Azərbaycan arasında sülhün əldə olunması üçün cəhdlər göstərdiyini vurğuladı:
“Son məqsəd də sülhün əldə olnmasıdır”.
“Bakıya 2 milyon civarında vaksin verildi”
“Avropa İttifaqı minalardan təmizləmə işlərində ANAMA-ya BMT-nin İnkişaf Proqramı çərçivəsində böyük yardım göstərir. Həm də pandemiya zamanı bu əməkdaşlıq özünü daha yaxşı göstərdi, regionda peyvəndləməni ən yaxşı Azərbaycan hökuməti gerçəkləşdirdi. Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə keçirdiyi layihə çərçivəsində COVİD infeksiyasıyla mübarizədə rəsmi Bakıya avadanlıqlar verdi. Eyni zamanda, Azərbaycandakı 40 xəstəxanada 7 minə qədər həkimə təlimlər keçirildi, 2 milyon civarında vaksin verildi. Bunlar çətin gündə bir-birimizə nə qədər yaxın olduğumuzu göstərdi”, – Peter Mixalko belə deyib.
Diplomat yeni gözlənilən sazişlə Bakı-Brüssel tərəfdaşlığının daha yüksək səviyyəyə çıxa biləcəyini düşünür. Onun sözlərinə görə, layihə və proqramlar dövlət qurumları, vətəndaş cəmiyyəti və tələbələr üçün yeni imkanlar açır:
“Məsələn, “ERASMUS+” proqramı çərçivəsində minlərlə tələbə Avropa İttifaqı ölkələrinə gedir. Yaxud 25 min orta sahibkarın dəstəklənməsi proqramı var. Daha sonra Bakı limanına yardım gözlənilir, iqtisadiyyatın, nəqliyyatın rəqəmsallaşmasına yardım nəzərdə tutulur. Ağıllı şəhərlər və kəndlər təşəbbüsü dəstəklənəcək, əlbəttə, bütün bunlar Azərbaycan hökumətinin prioritetlərinə uyğunlaşdırılır. Bizim media üçün də layihələrimiz var, media savadlılığı və diffamasiya üzrə təlimlər keçirilib. Bu ilin noyabrına bir təlim planlaşıdırılır”.
Nümayəndəliyin rəhbəri may ayında keçiriləcək tədbirlərdən söz açaraq dedi ki, 9 mayda Avropa Günü, ondan 3 gün sonra ADA Universitetində debatlar və seminarlar, o cümlədən, biznes forumlar, Avropa Şəhərciyinə, Cəlilabad rayonuna səfər proqramı həyata keçiriləcək.
Daha sonra Peter Mixalko sualları cavablandırdı
Meydan TV:
Siz minaların təmizlənməsi ilə bağlı Azərbaycana yardım edildiyini söylədiniz. Ancaq dövlət başçısı İlham Əliyev son çıxışlarında bu istiqamətdə Azərbaycana heç bir yardım göstərilmədiyini bildirib. Bu mənada vəziyyəti necə izah edərdiniz?
Peter Mixalko:
Biz minalardan təmizlənmə üzrə hökumətlə daim kommunikasiya aparırıq. Konkret, 1.5 milyon avroluq layihə həyata keçirilir, bura minalardan təmizlənmə, əhalinin məlumatlandırılması daxildir. Həm də BMT-nin İnkişaf Proqramı vasitəsilə ANAMA-nı dəstəkləyirik, yəni biz pulu veririk, onlar da ekspert qruplarıyla yardım edir. Ümumi paket isə 2.5 milyon avro civarındadır, bunlar çox böyük işdir. Artıq yardımın növbəti mərhələsini hazırlamaq üzərində işləyirik.
Meydan TV:
Avropa İttifaqı ilə Azərbaycan arasında gözlənilən ikitərəfli sazişin imzalanmasının gecikməsi ilə bağlı müxalifət düşərgəsində iki yanaşma var: birincilər sazişin gecikməsini demokratiya və insan haqları, ikincilər isə ticarət və iqtisadi amillərlə əlaqələndirir. Bəs əsl səbəb nədir, nə üçün sazişin imzalanması gecikir?
Peter Mixalko:
Sazişlə bağlı iş daha da intensivləşib, tərəflər arasında növbəti həftələrdə bu belə də davam edəcək, iş çox irəli gedib. Bu, hərtərəfli saziş olacaq, bütün sahələri əhatə edəcək və 90-cı illərin sazişini əvəz etməlidir, çünki o vaxtdan çox dəyişikliklər olub. Ticarət də bunun bir hissəsi olduğundan mürəkkəb bir sazişdir. Ümid edirik, danışıqlar tezliklə bitəcək, qalan məsələlər də həll olunacaq.
“Turan” İA:
Avropa İttifaqı ilə Azərbaycan arasında “Viza Sadələşdirilməsi və Riadmisiya” sazişi var, hüquq müdafiə təşkilatları hər iki tərəfi sənədin qoyduğu öhdəliklərə əməl etməməkdə qınayırlar. Bu, onunla izah olunur ki, Avropadan riadmisiya olunan şəxslər Azərbaycanda həbs olunub, ən azı 5 nəfər həbsdədir. Azərbaycan hökuməti ordan qaytarılan şəxslərin həbs etməyəcəyi təminatını yerinə yetirmir, Avropa İttifaqı isə buna nəzarət etmir. Xüsusilə də Almaniyadan qaytarılan şəxslər həbs edilir. Bəs tərəflər arasındakı dialoqda bu məsələlər qaldırılırmı, ümumiyyətlə, insan hüquqları gündəmdədir, yoxsa, prioritetlərdən çıxıb?
Peter Mixalko:
-İnsan hüquqları Avropa İttifaqının xarici və daxili siyasətində əsaslandığı əsas dəyərlərdir. Biz insan hüquqlarına, demokratiya məsələlərinə diqqət ayırırıq. Avropa Şurası qarşısında üzv ölkələrin götürdüyü öhdəliklər də bura daxildir. Azərbaycan hakimiyyətinin nümayəndələrilə görüşlərdə həm fərdi xarakterli, həm də ümumilikdə insan hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunur ki, bunlara əməl edilməsi Avropa Şurası çərçivəsində öhdəlikdir. Mən gələn gündən bu məsələlərə toxunmuşam. Hökumətlə müxtəlif səviyyələrdə dialoq aparırıq, bunlardan biri də ədliyyə, təhlükəsizlik, azadlıq, insan hüquqları üzrə alt komitə iclaslarıdır. Sonuncu iclas keçən il olub.
“Amerikanın səsi”:
-Siz media azadlığından danışdınız. Bəs Avropa İttifaqı müstəqil medianın inkişafı üçün hansı töhfələr verə bilər? Yəqin ki, “Media haqqında” qanundan xəbərdarsınız, bir çox beynəlxalq və yerli təşkilatlar sənədin jurnalistlərin fəaliyyətinin daha da məhdudlaşdıracağı qənaətindədir. Bəs siz nə düşünürsünüz?
Peter Mixalko:
-Biz bu məsələyə diqqət ayırmışdıq. Həm qanunun qəbulu prosesini, həm də jurnalistlərin məsələylə bağlı müzakirəsini izləmişik. Özüm də hökumətlə danışıqlarda diqqət ayırırdım. Ümidvaram ki, qanun medianın hüquqlarına əks-təsir göstərməyəcək. Düşünürəm ki, qanunun icrası neqativ halların yaranmasına imkan verməyəcək. Media ancaq müstəqil olduqda inkişaf edə bilər. Biz medianın səriştəsinin artırılmasına konkret yardım göstərmək istəyirik, eləcə də regionlardakı medianın.