DİN Elxan Əliyevin borca görə axtarışda olduğunu deyir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin üzvü Elxan Əliyev aprelin 18-də 1 aylıq inzibati həbsdən buraxılandan dərhal sonra yenidən saxlanılıb. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumata görə, mülki geyimli şəxslər AXCP üzvünü Binəqədi rayonunda, inzibati həbsdə olanların saxlandığı müvəqqəti saxlama təcridxanasının qarşısında tutublar. Partiyadan olan yoldaşları da bunun şahidi olub.
“Elxan Əliyevi həbsdən buraxılanda qarşılamağa getmişdik. İçəridən çıxan kimi mülki geyimlilər qarşısını kəsdilər. Dedilər ki, guya Elxan Əliyev hansısa mülki işə görə axtarışdadır. Bildirdilər ki, Tovuza aparılmalıdır. Onu avtomobilə mindirib naməlum istiqəmətə apardılar”, – AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim bildirib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Elxan Əliyev “Mercedes” markalı, “60-BJ-838” dövlət nömrə nişanlı avtomobillə aparılıb.
Elxan Əliyevin ailə üzvləri deyir ki, o, həbsdə olduğu müddətdə polis şöbəsindən evinə heç bir bildiriş gəlməyib:
“Adam o vaxt axtarışa verilər ki, çağırsınlar, o isə yayınsın. Birincisi, bizim evə onunla bağlı heç bir bildiriş, çağırış gəlməyib. İkincisi, polis bilmir ki, bu adam hardadır, onu axtarışa verir?”
Yaxınları hesab edir ki, bu, siyasi baxışlarına – AXCP üzvü olduğuna və ölkədəki durumu tənqid etdiyinə görə Elxan Əliyevə qarşı təzyiqlərin növbəti mərhələsidir:
“Bu qədər haqsızlıq, vicdansızlıq olmaz. Adamı heç nədən şərləyib tutmuşdular, 1 ay həbsdə saxladılar, bununla ürəkləri soyumadı. İndi də yeni nəsə uydurublar. Nəfəs almağa imkan vermirlər”.
DİN-nin Regioanl Qrupundan Meydan TV-yə verilən məlumata görə, Elxan Əliyev borclu olduğu şəxsin şikayəti əsasında təkrar saxlanılıb və məhkəmə qarşısına çıxarılacaq.
Elxan Əliyev martın 19-dan həbsdə idi. İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə onun haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Bu, AXCP fəalının son 6 ayda üçüncü inzibati həbsi idi.
Elxan Əliyev isə polisə müqavimət ittihamının saxta olduğunu, üstəlik, saxlanılarkən maşınında olan pulun da götürüldüyünü bildirib. Onun sözlərinə görə, martın 19-da maşınını saxlayıb, tanışı ilə söhbətləşərkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları qəfildən əl-qolunu buraraq, öz avtomobillərinə mindirib. AXCP üzvü deyir ki, həmin vaxt polislərə maşınının açıq olduğunu və orada telefonu, eləcə də başqa bir şəxsin ona əmanət etdiyi 2 min 500 manat pul olduğunu deyib. Onları götürmək üçün imkan verlməsini istəsə də, nəticəsi olmayıb, polislər imkan verməyiblər”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə polislərin avtomobildəki pulu götürməsi haqda deyilənləri təkzib edib:
“Avtomobildən pulun götürülməsi ehtimal olunan vaxt aralığında ora onun tanışı olan iki şəxs yaxınlaşıb. Digər şəxslərin, polis əməkdaşlarının avtomobilə yaxınlaşdığı müşahidə olunmayıb. Həmin görüntülər Elxan Əliyevə göstərilib. Onun avtomobilinə yaxınlaşan və tanışları olan həmin iki nəfərin 2 min 500 manatı götürüb-götürmədiyi araşdırılır”.