Həyat yoldaşını öldürməkdə təqsirləndirilən polisə hökm oxundu

İsmayıl Məmmədov, Foto: Report.az

Vəkil hökmdən narazı qalıb

Polis olan həyat yoldaşından şikayətinə görə izahat vermək üçün 24-cü polis bölməsinə gedən və orada qətlə yetirilən Xanım Məmmədovanın ölümüylə bağlı məhkəmə prosesi başa çatıb. Nizami Rayon Post-Patrul Xidmətinin keçmiş əməkdaşı, polis bölməsində təhqiqatçının kabinetində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib. Aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, zərərçəkmiş tərəfin 200 min manat təzminat tələbilə qaldırdığı mülki iddia qismən təmin olunub. İsmayıl Məmmədovun üzərinə zərərçəkmiş tərəfə 8 min manat təzminat ödəmək öhdəliyi qoyulub.

Hökmdən əvvəl məhkəmədə İsmayıl Məmmədovun vəkili çıxış edib, ardınca özü son sözünü deyib.

Vəkil Qanqa İbrahimov məhkəmə istintaqı dövründə prosessual qaydaların pozulmasından şikayətlənib:

“Bizim sübutlarımız məhkəmə tərəfindən qiymətləndirilmədi. Əlavə şahidlərlərlə bağlı vəsatətimiz təmin olunmadı. Yenidən psixi ekspertizanın keçirilməsini istədik, o da təmin olunmadı”.

Vəkilin sözlərinə görə, İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə ittiham verilməsi düzgün deyildi: “Xüsusi amansızlıqla öldürmə halı yoxdur. Müvəkkilimin əməli 120.1 maddəsi tövsif edilməlidir. Məhkəmədən ədalətli qərar verilməsini gözləyirəm”.

İsmayıl Məmmədov isə son sözündə bildirib ki, Xanım Məmmədovanı öldürmək niyyəti olmayıb: “Mən onunla barışmaq istəyirdim. Amma məni təhqir etdi. Mən istintaq dövründə nəyisə gizlətmişəm. Amma şəhid övladı kimi, məhkəmədə hər şeyi düz danışmışam. Xanımın məni təhqir etməsindən sonra özümdə olmadım”.

O, əməlindən peşman olduğunu vurğulayıb, məhkəmədən ədalətli qərar gözlədiyini bildirib.

İttihama əsasən, sentyabrın 29-da Xanım Məmmədova Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, həyat yoldaşının onu döyməsindən şikayətlənib. Bu şikayətlə əlaqədar izahat vermək üçün polis bölməsinə çağırılan Xanım Məmmədova sentyabrın 30-da səhər saatlarında bibisi və iki övladı ilə ora gedib. Həyat yoldaşı İsmayıl Məmmədov da onun bölmədə olduğunu eşidəndə ora gedib. Orada təhqiqatçının otağında bu hadisə baş verib.

İsmayıl Məmmədov məhkəmədə ifadəsində özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, polis bölməsinə gedəndə Xanım Məmmədovanı öldürmək niyyətində olmayıb:

“Qayınanama zəng eləyib dedim ki, məndən şikayət eləyibsə, qoymayın, işlədiyim ərazidir. Rüsvay olmaq istəmirdim. Bölmənin qarşısına getdim ki, ora gəlsə, qarşısını kəsim, yalvarıb-yaxarım, qoymayım. Fikirləşdim ki, özümü öldürəcəm. Bölmənin rəisi məni çağırıb irad bildirdi. Rəisin yanından çıxdım, yoldaşımdan üzr istəmək istəyirdim. Mənə hamının yanında “şərəfsiz” dedi. Bir də yaxınlaşmaq istəyəndə dedi ki, “get, işinlə məşğul ol”. Qətiləşdirdim ki, uşaqlarımla halallaşıb, bölmədən çıxıb özümü öldürəcəm. Təhqiqatçının otağında bu anda mənə yenə xoşagəlməz ifadələr dedi, dözə bilmədim. Heç özüm də bilmirəm, necə olub ki, o 15 güllə hamısı atılıb…”

Ana səhifəSosialHəyat yoldaşını öldürməkdə təqsirləndirilən polisə hökm oxundu